Məlumat yenilənib (ilk xəbər saat 10:10-da yayılıb)
Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir İ.İzzət/
Aeroport şosesinin bir hissəsində avtomobillərin hərəkəti bərpa olunub.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, bu gün saat 11:00-dan başlayaraq yol cizgiləri və yol göstərici xətlərin yenidən rənglənməsi ilə əlaqədar Sabunçu qovşağından Heydər Əliyev Hava Limanı qovşağına qədər olan yol hissə-hissə əlavə yol verilməklə bağlanmışdı.
Həmin yol saat 18:00-dan etibarən artıq nəqliyyatın hərəkəti üçün açılıb.
Qeyd edək ki, dünən də Böyükşor - Hava Limanı avtomobil yolunun Heydər Əliyev Hava Limanından Sabunçu yol qovşağına qədər olan hissəsində yol cizgiləri və yol göstərici xətlərin yenidən rənglənməsi ilə əlaqədar Böyükşor - Hava Limanı avtomobil yolunun Heydər Əliyev Hava Limanından "Buta Palace"-a qədər olan hissəsində qismən (2 zolaq), "Buta Palace"-dan Sabunçu yol qovşağına qədər olan hissəsində isə hərəkət tam məhdudlaşdırılmışdı.