...

Azərbaycanda orta hesabla hər 8 nəfərə bir avtomobil düşür

Cəmiyyət Materials 2 May 2014 18:29 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən vətəndaşlarımızın həyat səviyyəsinin yüksəlməsi ilə bağlı həyata keçirilən uğurlu tədbirlərin məntiqi nəticəsi olaraq, təkcə son 5 ildə respublikaya 417 mindən çox avtomobil gətirilib.
Azərbaycanda orta hesabla hər 8 nəfərə bir avtomobil düşür

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir İ.İzzət/

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən vətəndaşlarımızın həyat səviyyəsinin yüksəlməsi ilə bağlı həyata keçirilən uğurlu tədbirlərin məntiqi nəticəsi olaraq, təkcə son 5 ildə respublikaya 417 mindən çox avtomobil gətirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə nazirliyin geniş kollegiya iclasında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən işlər barədə məruzə ilə çıxış edən Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov deyib.

Hazırda ölkə üzrə orta hesabla hər 8 nəfərə bir avtomobil düşür və qeydiyyatda olan nəqliyyat vasitələrinin ümumi sayı 1.245.000-i ötüb.

Aparılan hərtərəfli islahatlar hərəkətin təhlükəsizliyinin təmin edilməsi və yol hərəkətinə nəzarət funksiyalarını yerinə yetirən dövlət yol polisi xidmətindən də yan keçməyib. Yol hərəkəti ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılıb, bir sıra inzibati xətalara görə tənbehlərin sərtləşdirilməsi, korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində vətəndaşlarla ünsiyyətin minimuma endirilməsi ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Ekoloji təhlükəsizlik məsələlərinə dair standartların qəbulu üçün müvafiq Dövlət Agentliyi ilə qarşılıqlı əlaqədə zəruri tədbirlər görülüb. Atmosfer havasının avtomobillərin zərərli təsirindən qorunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə hər il "Təmiz hava" aylıqları da keçirilir.

Qeyd edilib ki, son 5 ildə 40 mindən çox avtomobilin mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normadan artıq olması aşkarlanaraq hüquqi və fiziki şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq edilib.

Məruzəçi qeyd edib ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində başlıca amillərdən olan sürücülərin və hərəkətin digər iştirakçılarının intizamının gücləndirilməsi üzrə profilaktik tədbirlərlə təkcə 2013-cü ildə 1.429.781, o cümlədən nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi ilə bağlı 10.424, sürət həddinin aşılması üzrə 299.368, ötmə qaydalarının pozulması ilə əlaqədar 28.699, sərnişindaşıma qaydalarının pozulması ilə bağlı 4.727 inzibati xəta müəyyən olunub, 100 mindən çox piyada barəsində protokol tərtib edilib. Avtoxuliqanlıq etdiyinə görə 703 sürücü, şüşələrinə plyonka və örtüklər çəkilmiş 11.578 avtomobil aşkarlanıb, 2.636 şəxsin sürücülük hüququ məhdudlaşdırılıb. Aşkarlanmış qayda pozuntularının sayı əvvəlki illə müqayisədə 408.659 fakt çox olub.

Hadisələrin baş verməsinə bilavasitə təsir göstərən avtomobillərin yüksək sürətlə idarə olunmasına qarşı mübarizənin gücləndirilməsi barədə Kollegiya qərarlarına, DİN-in göstəriş və tapşırıqlarına müvafiq olaraq, analoji xətalar, əvvəlki ilə nisbətən 2013-cü ildə 2,2 dəfə çox aşkarlanıb və nəticədə bu səbəbdən törənən qəzalar 30 faizədək azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti