"Xəzər günü" ilə əlaqədar bir sıra tədbirlər keçirilib
2007-ci ildən etibarən hər il ənənəvi olaraq qeyd olunan "Xəzər günü" ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xəzər dənizinin problemlərinə və mühafizəsinə dair ictimaiyyətin məlumatlılığını artırmaq məqsədilə bir sıra tədbirlər keçirilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müvafiq dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, o cümlədən gənclərin iştirakı ilə Xəzərin ekoloji problemləri, görülən işlər və ictimaiyyətin Xəzər dənizinin mühafizəsi prosesinə cəlb edilməsi mexanizminin müzakirəsi məqsədilə ETSN-də görüş baş tutub.
Tədbir iştirakçıları və ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri Xəzər dənizinin ətraf mühitinin mühafizəsi məqsədi ilə yaradılmış "Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi"nə aid olan və Novxanı qəsəbəsinin sahilboyu zolağında quraşdırılmış modul tipli təmizləyici qurğunun iş fəaliyyəti ilə tanış olub.
Qeyd olunanlarla yanaşı, Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirmək məqsədilə Novxanı çimərliyinin sahilboyu zonasında təmizlik aksiyası keçirilib. Qeyd edək ki, təmizlik aksiyası zamanı 2 hektar ərazi tullantılardan təmizlənmiş və toplanmış tullantıların utilizasiyası həyata keçirilib.
Xatırladaq ki, "Xəzər günü"nün qeyd edilməsində əsas məqsəd Xəzər dənizinin ətraf mühitinin çirklənmədən qorunması, dənizinin bioloji ehtiyatlarının mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsi sahəsində qüvvələrin səfərbər edilməsi və bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir.