...

Bakının bir sıra strateji yollarında hərəkət məhdudlaşdırılıb

Cəmiyyət Materials 25 Avqust 2014 10:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir İlkin İzzət/

Bakıda bir sıra yollarda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

Bölmə rəisinin sözlərinə görə, kommunikasiya xətlərinin yenilənməsi ilə əlaqədar paytaxtın strateji əhəmiyyətə malik mərkəzi küçələrindən olan Bülbül prospektinin 28 May küçəsindən Zərifə Əliyeva küçəsinin kəsişməsinədək olan hissəsində hərəkət tam məhdudlaşdırılıb: "Hazırda Xaqani, 28 May, Nizami, Üzeyir Hacıbəyov küçələri ilə bu istiqamətdə hərəkət etmək qeyri-mümkündür. Sürücülər Neftçilər prospekti istiqamətində alternativ olaraq yalnız Səməd Vurğun küçəsi ilə hərəkət edə bilərlər".

Xatırladaq ki, V.Əsədov bundan öncə Trend-ə bildirmişdi ki, təmir işləri ilə əlaqədar hazırda Bakı-Sumqayıt yolunun Kənar Dairəvi yol ilə kəsişən hissəsindən, yəni Bakı Beynəlxalq Avtovağzalının inzibati binasının yanından Lökbatan, Astara və digər istiqamətlər üzrə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub, istiqamət dəyişdirilib. Sürücülərə alternativ olaraq Xocasən-Lökbatan yolundan istifadə etmələri tövsiyə olunur.

Bundan əlavə, yeni asfalt örtüyünün çəkilməsi ilə əlaqədar paytaxtın Binəqədi şosesi ilə Binəqədi kəndi və Binəqədi qəsəbəsi, eləcə də Novxanı və digər istiqamətlərdə avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin sözçüsü hər iki yolun təmirə bağlanması səbəbinə də aydınlıq gətirib: "Hər iki yolda iriqabaritli, ağırtonnajlı avtomobillərin normadan artıq yük daşıması nəticəsində yolun səviyyəsi nahamarlaşıb ki, bu da digər nəqliyyat vasitələrinin həmin yollarda hərəkəti üçün çətinlik yaradıb. Ona görə də adıçəkilən yollarda yeni asfalt örtüyünün çəkilməsi zərurəti yaranıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti