Azərbaycan, Bakı, 15 sentyabr /Trend/
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu "İlboyu bilik" proqramı çərçivəsində orijinal aksiya həyata keçirib.
Fonddan Trend-ə verilən məlumata görə, ölkənin 70-dən çox məktəbinin ilk dərs günündə tanınmış alimlər, bir sıra xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri "Azərbaycan bu gün və sabah" mövzusunda mühazirə deyiblər.
Şagirdlər mühazirələri böyük həvəslə dinləyiblər. Məktəblilərin diskussiyalardakı iştirakı mühazirəçiləri razı salıb.
Layihədə mühazirəçi kimi iştirak edən tanınmış alimlər, səfirlər Bilik Fondunun informasiya təminatı şöbəsinə təəssüratlarını bildiriblər.
Professor Qulu Məhərrəmli bildirib: "Mühazirəmiz çox yaxşı keçdi. Qobustan rayon 2 saylı Şıxzərli kənd məktəbində dərs dedim. 10-11-ci sinif şagirdləri qarşısında çıxış etmək özümə də zövq verdi. "Azərbaycan bu gün və sabah" mövzusundakı çıxışımda bütün sahələrə toxunmağa çalışdım. Uşaqların münasibətindən məlum oldu ki, çox razı qalıblar. Diskussiya apardıq. Maraqlı suallar eşitdim, suallarıma gözəl cavablar aldım. Uşaqların hazırcavablığı məni sevindirdi. Onların həyata, insanlara, biliyə münasibətini öyrəndim. Xeyli razı qaldım. İnanıram ki, məktəblilər 2014-cü ilin Bilik Gününü heç vaxt unutmayacaqlar".
ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şaxtaxtiniski deyib: "Biliksiz yaşamaq mümkün deyil. Bilik insanların təhlükəsiz mühitdə yaşamasına təkan verir. Bilik Fondunun dəstəyi ilə alimlərin, səfirlərin, beynəlxalq təşkilatların rəhbərlərinin Azərbaycan məktəblərində dərs deməsi olduqca mütərəqqi təşəbbüsdür. Bilik Fondunun layihəsində iştirak etmək çox xoşdur. Şagirdlərin diskussiyadakı fəallığı məni olduqca qane etdi".
Professor Nəsir Əhmədli qeyd edib: "Layihəmiz Tovuzun Qovlar şəhər məktəbində yüksək səviyyədə qarşılandı. Məktəb rəhbərliyi tədbirin daha yaxşı alınması üçün bizə və şagirdlərə geniş şərait yaratdı. Yuxarı sinif şagirdlərindən ibarət auditoriyada "Azərbaycan jurnalistikası bu gün və sabah" mövzusunda geniş mühazirə oxudum. Şagirdlər olduqca həvəslə dinlədilər. Hətta bir neçəsi dedi ki, fikirlərini dəyişiblər, sənədlərini jurnalistika fakültəsinə təqdim edəcəklər. Bunu eşitmək çox xoş idi. Düşünürəm ki, "İlboyu bilik" layihəsi davamlı olaraq bu səpkidə mühazirələr təşkil etməlidir. Təhsilin inkişafında belə layihələrin rolu danılmazdır".
T.Həsənov adına 23 saylı tam orta məktəbdə ikinci dərsi aparan Çexiya səfiri Vitezslav Pivonka şagirdlərə Azərbaycan və Çexiyanın tarixlərində olan oxşarlıqlardan, eləcə də ölkələrimiz arasında iqtisadi və mədəni əlaqələrin inkişafından danışıb: "Azərbaycanı sevirəm, şagirdlərlə görüşdən çox məmnun qaldım. Belə gözəl tədbirə dəvət aldığıma görə təşəkkür edirəm".
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev Şamaxı şəhər Mirzə Ələkbər Sabir adına məktəbdə, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev Cəbrayıl rayon Sirik kənd məktəbində, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Nigar Rəfibəyli adına Gəncə şəhər 43 saylı məktəbdə, professorlar Məmməd Qocayev Ağdam rayon 32 saylı məktəbdə, Nəsir Əhmədli Tovuz rayonu Qovlar şəhər məktəbində, Qulu Məhərrəmli Qobustan rayon 2 saylı Şıxzərli kənd məktəbində, Xaləddin Xəlilli Cəbrayıl rayon V.İsmayılov adına Çərəkən kənd məktəbində, professor Rəhilə Qeybullayeva isə Səbail rayonu Oksford məktəbində mühazirələr oxuyublar.
Bilik Fondu "İlboyu bilik" layihəsi ilə yanaşı, "Dini abidələrdə tarixin izləri", "Auditoriya+", "Ustad və şəyird", "Docendo discimus", "Yaradıcılıq fakültələri", "Epizod", "Məscidlərdə kitabxana", "Azərbaycan elmi xaricdə", "Dünya elmi Azərbaycanda" layihələrini həyata keçirir.