Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir Səbinə Əhmədova/
2014-cü ilin birinci yarısında inkişaf etmiş sənaye ölkələrində sığınacaq üçün 330.700 nəfər müraciət edib ki, bu da ötən ilə nisbətən 24%-lik artım deməkdir. Trend-in BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisinə istinadən verdiyi məlumata görə, bu barədə 2014-cü ildə sığınacaq müraciətləri ilə bağlı tendensiyalara dair BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) yarım illik hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, inkişaf etmiş sənaye ölkələrində qaçqın statusu almaq üçün müraciət edən insanların sayı artıb ki, bunun da səbəbi Suriya və İraqdakı müharibələr, habelə Əfqanıstan, Eritreya və digər yerlərdəki münaqişələr və qeyri-sabit vəziyyətdir.
Hesabatda deyilir ki, tarixi göstəricilərə əsasən, hər ilin ikinci yarısında sığınacaq axtaranların sayının daha da artdığını nəzərə alsaq, 2014-cü ildə sığınacaq üçün 700.000-dək müraciətin olacağını gözləmək olar ki, bu da inkişaf etmiş sənaye ölkələrində bütövlükdə 20 il ərzində ən yüksək rəqəmdir və 1990-cı illərdə keçmiş Yuqoslaviyadakı münaqişədən bəri görünməmiş səviyyədir: "Müraciətlərin üçdə ikisindən çoxu təkcə altı ölkəyə - Almaniya, ABŞ, Fransa, İsveç, Türkiyə və İtaliyaya təqdim edilib".
BMTQAK-ın hesatında bildirilir ki, sığınacaq axtaran insanların əsas mənşə ölkəsi Suriyadır, onların sayı iki dəfədən çox artıb (48.400 müraciət): "Bu il yüz minlərlə insanın yenicə köçkün düşdüyü İraqdan olan sığınacaq axtaranlardan 21.300 müraciət daxil olub, onun ardınca Əfqanıstan (19.300) və Eritreya (18.900) gəlir".
Hesabatda vurğulanıb ki, Avropanın 38 ölkəsi üzrə sığınacaq üçün 264.000 müraciət qeydə alınıb ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə (212.200) 24%-lik artım, 2013-cü ilin ikinci yarımilliyi ilə müqayisədə (270.600) isə 2%-lik azalma deməkdir.
İnkişaf etmiş sənaye ölkələrində sığınacaq üçün təqdim edilmiş bütün müraciətlərin 80%-i Avropanın payına düşür: "Aİ üzvü olan 28 ölkədə sığınacaq üçün 216.300 müraciət qeydə alınıb ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə (176.200) 23%-lik artım deməkdir. Aİ-də sığınacaq üçün ən çox müraciətlər almış beş ölkə Almaniya (65.700), Fransa (29.000), İsveç (28.500), İtaliya (24.500) və Birləşmiş Krallıqdır (14.300)".
Hesabatda bildirilir ki, Aİ-də sığınacaq üçün müraciət edənlər ən çox Suriya (39.220), Eritreya (13.894), Əfqanıstan (13.565), Serbiya [və Kosovo: S/RES/1244 (1999)] (11.794) və Pakistan (9.637) vətəndaşlarıdır.