...

Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib

Cəmiyyət Materials 29 Sentyabr 2014 20:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

Bu gün ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, uclasda "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında" Qanunun tətbiqi ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyevin 2014-cü il 9 sentyabr tarixli fərmanlarından irəli gələn vəzifələrin icrası üzrə tədbirlər müzakirə olunub.

Qeyd edilib ki, son illər biometrik eyniləşdirmə sisteminin qurulması istiqamətində əsaslı işlər görülüb, müvafiq qanunvericilik bazası yaradılıb, vətəndaşların şəxsiyyətini təsdiq edən elektron sənədlərin tətbiqinə başlanılıb, habelə vətəndaşların fərdi identifikasiya kartı ilə təmin olunması nəzərdə tutulur. Kartda doğum haqqında, eləcə də elektron sağlamlıq kartındakı informasiyalar, 5 yaşından sonra üzərində fotoşəkil və hər bir şəxslə bağlı fərdi dolğun məlumatlar əks olunacaq.

Bununla əlaqədar dövlət başçısının tapşırıqlarına əsasən Ədliyyə Nazirliyinə yeni vəzifələr həvalə olunub və kollegiyada kartın təsviri və strukturu, onun hazırlanması və verilməsinə dair prosedurlar müasir İKT-lərin köməyi ilə əyani nümayiş etdirilib, qarşıda duran vəzifələrə, o cümlədən kartda zəruri informasiyaların əks olunması, regional və yerli ədliyyə orqanlarında müvafiq texniki avadanlıqla təchizat və zəruri infrastrukturun yaradılması, proqram təminatının formalaşdırılması, beynəlxalq təcrübənin öyrənilməsi və s. ilə bağlı tapşırıqlar verilib.

Kollegiyada vətəndaş müraciətləri ilə işin vəziyyəti müzakirə olunub, bu zaman dövlət başçısının vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, etik davranış qaydalarına ciddi riayət olunması, korrupsiyaya şərait yaradan hallara yol verilməməsi ilə bağlı tapşırıqları vurğulanıb. Ədliyyə orqanlarında və məhkəmələrdə insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması daim diqqətdə saxlanılaraq bu sahədə görülən məqsədyönlü işlər, o cümlədən vətəndaşların qəbulu qaydasının təkmilləşdirildiyi, səyyar qəbulların mütəmadi xarakter daşıdığı, müasir İKT-lərin və elektron xidmətlərin geniş tətbiqi, ərizə və şikayətlərə təxirəsalınmadan baxılıb həlli məqsədilə nazirlikdə "Qaynar xətt"lərin yaradıldığı qeyd olunub. Bildirilib ki, "Qaynar xətt"lərə daxil olan şikayətlər təhlil olunaraq nəzarətə götürülür və müvafiq zəruri tədbirlər görülür.

Bununla belə, iclasda bu sahədə mövcud çatışmazlıqlar müzakirə edilərək vətəndaşların müraciətlərində qaldırılan məsələlərə diqqətlə yanaşılması, onların, o cümlədən "qaynar xətt" və elektron poçt vasitəsilə daxil olan şikayətlərin çevik həlli, vətəndaşların qəbulu və "qaynar xətt"in işinin effektivliyinin artırılması, kadr potensialının gücləndirilməsi və digər tədbirlər müəyyən edilib.

İclasda, həmçinin ölkəmizdə yuvenal ədliyyənin tətbiqi məsələləri müzakirə olunub, bildirilib ki, son illər yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslərin və məhkumların saxlanma şəraiti xeyli yaxşılaşdırılıb, hüquqları genişləndirilib, bu sahədə YUNİSEF-lə səmərəli əməkdaşlıq edilir. Kollegiyada yeniyetmələrin cinayət işləri üzrə ədalət mühakiməsinin həyata keçirilərkən hüquqlarının müdafiəsinin gücləndirilməsi, psixoloji aspektlərin nəzərə alınması, yeni yanaşmaların tətbiqi, məhkəmədə belə işlərə baxılması qaydasının müasir İKT-lərin imkanlarından istifadə etməklə təkmilləşdirilməsi, yuvenal ədliyyə sahəsində təlimlərin keçirilməsi və s. ilə bağlı tədbirlər müəyyən olunub.

Bununla yanaşı, ədliyyə fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların layihələri müzakirə olunaraq qəbul edilib.

Kollegiyada bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti