Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyənin İzmir, Kahramanmaraş və Konya vilayətlərində Ebola virusu şübhəsi ilə üç nəfər xəstəxanaya yerləşdirilib. Trend xəbər verir ki, bu barədə çərşənbə günü Türkiyənin Anadolu agentliyi məlumat yayıb.
Xəstəxanaya yerləşdirilənlərdən biri Somalidə təhsil alıb ölkəyə qayıdan türkiyəli tələbə, digərləri isə Səudiyyə Ərəbistanında Həcc ziyarətindən qayıdanlardır.
Beləliklə, Türkiyədə Ebola virusu şübhəsi ilə xəstəxanaya yerləşdirilənlərin sayı beş nəfərə çatıb, onlardan dördü Həcc ziyarətindən qayıdan şəxslərdir.
Məlum olduğu kimi, Ebola virusu Qərbi Afrikada - Liberiya, Syerra-Lion, Qvineya, Nigeriya, Konqo və Seneqalda sürətlə yayılır. Yoluxma halları artıq ABŞ, İspaniya, Norveç, Avstraliya və digər ölkələrdə qeydə alınıb.
Türkiyənin 36 vilayətində ölkədə baş verə biləcək Ebola virusuna yoluxma halları ilə bağlı 45 xüsusi xəstəxana ayrılıb. Xüsusi təyinatlı xəstəxanalar əsasən beynəlxalq aeroportların mövcud olduğu vilayətlərdə ayrılıb. Həmçinin Ankarada 3, İstanbulda 2 belə xəstəxana ayrılıb.