...

Azərbaycanda Həcc ziyarətindən qayıdan şəxslərə Ebola virusu ilə bağlı ciddi xəbərdarlıq edildi

Cəmiyyət Materials 22 Oktyabr 2014 15:29 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi Həcc ziyarətindən qayıdan zəvvarlara bütün dünyanı təşvişə salan Ebola virusu ilə bağlı ciddi xəbərdarlıq edib.
Azərbaycanda Həcc ziyarətindən qayıdan şəxslərə Ebola virusu ilə bağlı ciddi xəbərdarlıq edildi

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Səhiyyə Nazirliyi Həcc ziyarətindən qayıdan zəvvarlara bütün dünyanı təşvişə salan Ebola virusu ilə bağlı ciddi xəbərdarlıq edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-in sorğusuna cavab olaraq bildirib ki, Azərbaycandan Həcc ziyarətinə getmiş zəvvarlar oradan qayıdarkən Ebola virusu ilə bağlı yoxlansaydılar belə, onlarda heç nə aşkar etmək mümkün olmayacaqdı. Çünki Ebola virusu ilə əlaqədar simptomlar üzə çıxmayanadək onun aşkar edilməsi ilə bağlı yoxlamalar heç bir səmərə vermir: "Ebola virusunun inkubasiya dövrü 21 gündür və o, latent formada, gizli şəkildə inkişaf edir. Bu dövrdə insanın qanını yoxladıqda belə, virus özünü büruzə vermir. Əgər büruzə versəydi, təbii ki, bu vaxta kimi onu lokallaşdırmaq, qarşısını almaq da asan olardı. Əgər bu xəstliyə tutulmuş şəxs olubsa, bu, özünü yalnız 21 gündən sonra göstərə bilər. Ona görə də yalnız bu xəstəliyin simptomları üzə çıxdığı zaman tibbi müşahidələr aparıla, müayinələr də məhz o zaman nəsə göstərə bilər".

Ona görə də zəvvarlardan Ebola virusu təhlükəsinin hələ tam sovuşmadığına işarə edən nazirlik sözçüsü bildirib ki, onların səhhətində hər hansı ciddi narahatedici hal baş verərsə, mütləq yaşadıqları ərazi üzrə poliklinikalara müraciət etməlidirlər: "Azərbaycan zəvvarlarının Həcc ziyarətindən qayıtmaları vaxtını nəzərə alsaq, deyə bilərik ki, oktyabrın sonu - noyabrın əvvəlində kimdəsə bu virusun simptomları olsa, özlərini pis hiss etsələr, mütləq sahə həkimlərinə müraciət etməlidirlər. Hacılar bu günlərdə həddən artıq diqqətli olmalı, səhhətlərində hər hansı narahatedici simptomlar üzə çıxdıqda mütləq həkimə müraciət etməlidirlər. Bundan sonra əgər hər hansı ciddi problem müşahidə olunarsa, o zaman həmin xəstələr ixtisaslaşdırılmış klinikalara göndərilə bilərlər".

Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Trend-ə bildirib ki, QMİ zəvvarların sağlamlığına görə yalnız onları Həcc ziyarətinə aparana qədər və orada olduğu müddətdə məsuliyyət daşıyır. Ziyarətdən qayıtdıqdan sonra isə onlar yaşadıqları ərazilərdə həkim yoxlamasından keçməlidirlər: "Bizdə olan məlumata görə, Həcc ziyarəti zamanı zəvvarlarda soyuqdəymədən başqa ciddi xəstəlik qeydə alınmayıb. Ondan sonrakı dövrdə isə biz zəvvarların hansısa xəstəliyə tutulub-tutulmamasını müəyyən edə bilmərik. Axı QMİ-nin hər hansı həkim briqadası və ya imkanları yoxdur ki, bunu müəyyən etsin. Xüsusən də, insanın Ebola virusuna yoluxmasını müəyyən etmək çox çətindir. Çünki bu xəstəlik gizli formada inkişaf edir, simptomları isə sonradan üzə çıxır. Zəvvarlar da bunu nəzərə alaraq, hər hansı təhlükəli şey hiss edərlərsə, mütləq müayinə və müalicə üçün yaşadıqları ərazi üzrə qeydiyyatda olduqları və ya digər tibb müəssisələrinə müraciət etməlidirlər".

Xatırladaq ki, Türkiyədə Ebola virusuna yoluxduğuna dair şübhələr olduğundan xəstəxanalara yerləşdirilmiş 5 nəfərdən 4-ü məhz Həcc ziyarətindən qayıdan şəxslərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti