Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycanda Ebola virusu ilə mübarizəyə qarşı xüsusi geyimlər və testlər alınıb. Bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov deyib.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin sifarişi ilə alınan bu geyimlərin sayı hazırda təxminən 100-dür. Bu say hələlik kifayət hesab edilir. Ehtiyac olarsa, yeni geyimlər də alına bilər.
Geyimlər yalnız laboratoriyada işləyən heyət üçün nəzərdə tutulub.
Ş.Qurbanov bildirib ki, Azərbaycanda tibb işçiləri üçün xüsusi birdəfəlik geyimlər var. Ancaq həmin geyimlərdən fərqli olaraq, Ebola virusu ilə əlaqədar alınmış yeni geyimlərdə biotəhlükəsizlik 3-4 səviyyəsindədir, yəni bu geyimlər ən təhlükəli viruslar üçün nəzərdə tutulub.
Onun sözlərinə görə, Ebola virusu ilə əlaqədar laborator müayinələrin aparılması üçün xüsusi şərait və avadanlıqlar var.