Yarışın qalibləri açıqlanıb (ilk xəbər saat 17:29-da yayılıb)
Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir Elçin Mehdiyev/
Bu gün Heydər Əliyev Mərkəzində tələbələr arasında "Heydər Əliyev və Azərbaycan tarixi" adlı ümumrespublika bilik yarışı keçirilib.
Trend-in məlumatına görə, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə reallaşdırılan layihə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin dərindən öyrənilməsi, ulu öndərin irsinin yaşadılması və gənclər arasında təbliği məqsədi daşıyır.
Yarışda ölkənin ali təhsil müəssisələrində bakalavr və magistr pilləsi üzrə əyani təhsil alan tələbələrdən ibarət komandalar iştirak edib. Hər bir ali məktəb bir komanda ilə təmsil olunub. Ümumilikdə yarışda 44 komanda olmaqla 264 tələbə iştirak edib.
Üç turdan ibarət yarışda səsləndirilən suallar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan tarixi, Heydər Əliyev Muzeyindəki məlumat və eksponatlar, video və fotomateriallar əsasında tərtib olunub.
Yarış ərəfəsində bütün komandalar Heydər Əliyev Mərkəzini ziyarət edərək, burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyi ilə tanış olub, ümummilli liderin həyat və fəaliyyətinə dair məlumatlar, foto və video materiallar əsasında araşdırma aparıblar.
Yarış başlamazdan əvvəl ümummilli lider Heydər Əliyevin gənclərlə bağlı nitqinin videolenti nümayiş etdirilib.
Daha sonra tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzi direktorunun birinci müavini Adil Kərimli qeyd edib ki, bu bilik yarışı formatına və məzmununa görə fərqlənir.
A.Kərimli bildirib ki, bu yarışma həm ulu öndər Heydər Əliyevin fəaliyyətini, həm də həmin dövrü əhatə edən Azərbaycanın əsas tarixi hadisələrini əhatə edir: "Azərbaycan tarixinin əsas hissəsi ulu öndərin adı ilə bağlıdır. Ulu öndər tarix yaratmış şəxsiyyətlərdəndir və həqiqətən də diqqət yetirsəniz, Azərbaycan tarixinin ən mühüm hadisələri məhz ulu öndərin adı ilə bağlıdır. Azərbaycan və Heydər Əliyev adları ayrılmazdır".
Bu gün Azərbaycan Milli Konstitusiyasının qəbulu günü olduğunu xatırladan A.Kərimli vurğulayıb ki, 12 noyabr 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycanın ilk Milli Konstitusiyası məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: "Ulu öndərimiz bu Konstitusiyanın qəbulunda, onun layihəsinin hazırlanmasında lap əvvəldən iştirak etmiş, bu işə gərgin əmək sərf etmiş, onun ərsəyə gəlməsində və dünyada qəbul edilən konstitusiya formatları içərisində mükəmməl hüquqi və siyasi sənəd olmasında məhz ulu öndərimizin böyük rolu olmuşdur".
Yarışın münsiflər heyətinin üzvləri Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktoru Məhəbbət Mehdiyeva, təhsil nazirinin müşaviri Hüseyn Əliyev, Tarix İnstitutunun "Əliyevşünaslıq" şöbəsinin müdiri Ədalət Qasımov da tədbirin əhəmiyyətini vurğulayarq qeyd ediblər ki, yarış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin dərindən öyrənilməsi istiqamətində mühüm addımdır. Natiqlər bildiriblər ki, hər bir azərbaycanlı gəncin Heydər Əliyev irsi haqqında geniş məlumatı olmalıdır.
Daha sonra tələbələrin yarışa hazırlığını əks etdirən qısa videoçarx nümayiş etdirilib və yarışa start verilib.
Gərgin mübarizə şəraitində keçən yarışmanın qalibi 35 xal qazanan Bakı Slavyan Universiteti olub. Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası 32 xalla ikinci, Lənkəran Dövlət Universiteti isə 31 xalla 3-cü yeri tutub.
Sonda qalib gələn komandalar mükafatlandırılıb. Bütün iştirakçı komandalara isə sertifikatlar verilib.