...

ADNA rektoru dünyasını dəyişdi

Cəmiyyət Materials 2 Yanvar 2015 13:30 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) rektoru Siyavuş Qarayev dünyasını dəyişib.
ADNA rektoru dünyasını dəyişdi

Azərbaycan, Bakı, 2 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) rektoru Siyavuş Qarayev dünyasını dəyişib.

Trend-in məlumatına görə, S.Qarayev uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. Mərhum bu gün torpağa tapşırılıb.

Üzvi kimya sahəsində görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, kimya elmləri doktoru, professor S.Qarayev 30 aprel 1942-ci ildə Azərbaycanın Samux rayonunda anadan olub. O, 1959-cu ildə Gəncə şəhərində orta məktəbi bitirib və həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olub. 1964-cü ildə "kimyaçı" ixtisası alaraq universiteti bitirib, təyinat üzrə Ümumittifaq Elmi Ttədqiqat Olefinlər İnstitutunda mühəndis, sonra isə Azərbaycan Elmlər Akademiyasının Y.Məmmədəliyev adına Neft-kimya Prosesləri İnstitutunun Sumqayıt filialında kiçik elmi işçi işləyibr. 1967-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki ADNA) aspiranturasına daxil olub, 1970-ci ildə namizədlik, 1981-ci ildə isə M.Lomonosov adına Moskva Zərif Kimya Texnologiyası İnstitutunda doktorluq dissertasiyasını müdafiə edib.

1970-1982-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda kiçik, sonra böyük elmi işçi, elmi tədqiqat şöbəsinin kimya bölməsinin rəhbəri, "Üzvi kimya" kafedrasının dosenti və elmi işlər üzrə prorektorun müavini vəzifələrində çalışıb. 1982-ci ildən "Üzvi kimya" kafedrasının müdiri, 1988-1997-ci illərdə kimya-texnologiya fakültəsinin dekanı, 1997-ci ildən Azərbaycan Dövlət Neft Akademiyasının rektoru olub.

S.Qarayev Beynəlxalq Elmlər Akademiyasının və Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki, Nyu York Elmlər Akademiyasının, Beynəlxalq Mühəndislik Akademiyasının və Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü, Çin Neft Universitetinin fəxri professorudur.

Onun geniş elmi maraq dairəsi doymamış heteroatomlu üzvi birləşmələrin fundamental və tətbiqi kimyası sahəsini əhatə edir. S.Qarayev 550-ə yaxın elmi əsərin müəllifidir, 70-dən çox beynəlxalq və regional elmi konfrans və simpoziumda məruzə edib. "Azərbaycan ali texniki məktəblərinin xəbərləri" elmi jurnalının baş redaktoru, bir neçə nüfuzlu elmi jurnalın, "Qoşa ulduz" ictimai-siyasi-beynəlxalq jurnalının və "Vışka" qəzetinin redaksiya heyətlərinin üzvü olub.

Akademik S.Qarayev SSRİ Neft-Kimya və Neftayırma Sənayesi Əlaçısı, SSRİ-nin Fəxri kimyaçısı, Azərbaycanın "Əməkdar elm xadimi" adlarına layiq görülüb.

Allah rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti