...

Müəllimlərimiz üçün fərqli maaş artımı: bu dəfə onların hansı şansları olacaq?

Cəmiyyət Materials 19 Yanvar 2015 12:49 (UTC +04:00)
Azərbaycanda müəllimlərin əmək haqlarının artırılması barədə çoxdan gözlənilən qərar ötən həftənin sonunda verildi.
Müəllimlərimiz üçün fərqli maaş artımı: bu dəfə onların hansı şansları olacaq?

Azərbaycan xəbərlər xidməti

İlhamə İsabalayeva - Trend:

Azərbaycanda müəllimlərin əmək haqlarının artırılması barədə çoxdan gözlənilən qərar ötən həftənin sonunda verildi. Ölkə Prezidentinin sərəncamı ilə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə (12 saatdan 18 saatadək), aylıq vəzifə maaşları isə orta hesabla 2 dəfə artırıldı.

Əvvəlki artımlardan fərqli olaraq, budəfəki artım ölkədəki bütün müəllimlərə deyil, yalnız bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə şamil edildi.

Ölkədə hələlik yalnız Bakının orta məktəblərində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi, yəni sınaq qiymətləndirilməsi aparıldığından hazırkı mərhələdə artımdan yalnız paytaxt məktəblərinin müəllimləri faydalanacaq. Başqa sözlə, sərəncam sınaq qiymətləndirmədə iştirak etmiş 30 minədək müəllimi əhatə edəcək.

Bu tədris ili üçün dərs bölgüsü aparıldığından yanvarın 1-dən icra ediləcək sərəncama əsasən, müəllimlərin bundan sonrakı dərs yükünün necə bölüşdürüləcəyi, eləcə də müəllim sıxlığı olan Bakı şəhərində müəllimlərin dərs yükünün hansı formada artırılacağı hələ bəlli deyil. Hələlik bir çox məsələlərlə bağlı dəqiqləşdirmələr aparıldığından bu kimi hallara da tam aydınlıq gətirilməyib. Ancaq rəsmi olaraq bildirilib ki, sınaq qiymətləndirmədə iştirak etmiş 30 min müəllimin hansı nəticəni göstərməsindən asılı olmayaraq, onların heç biri bu sərəncamın icrasından kənarda qalmayacaq.

Bu sərəncamın icrası ilə bağlı məsələlər daha dəqiqliklə Nazirlər Kabinetinin hazırlayacağı mexanizmin təsdiqlənməsindən sonra bəlli olacaq. Dövlət başçısının tapşırığı ilə sınaq qiymətləndirmədə iştirak etmiş müəllimlərin dərs yükünün və əmək haqlarının artırılması haqqında Prezidentin sərəncamının icrası mexanizmi NK tərəfindən müəyyənləşdirilməlidir ki, artıq məsələ ilə bağlı həmin quruma müvafiq tapşırıqlar verilib.

İlkin məlumatlara görə, sərəncamdan zəif və yaxşı nəticə göstərməsindən asılı olmayaraq, sınaq qiymətləndirmədə iştirak etmiş bütün müəllimlər faydalanacaq. Amma təhsil naziri Mikayıl Cabbarov hesab edir ki, sınaq qiymətləndirmədə zəif və yüksək nəticə göstərən müəllimlərin əmək haqları fərqlənməlidir. Yüksək və zəif nəticə göstərən müəllimlər arasında dərs yükünün bölüşdürülməsi işi məktəb direktorları tərəfindən həyata keçiriləcək.

Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov isə sərəncamla bağlı KİV-ə verdiyi açıqlamasında deyib ki, həm müəllimlərin stajına görə, həm də onların əlavə iş, məsələn, sinif rəhbəri olmasına görə, eləcə də müxtəlif dərnək rəhbərləri, müxtəlif ictimai işlərə cəlb olunmasına görə əlavə vəsaitlər hesablanacaq. Bu da müəllimlərin, xüsusilə sınaq qiymətləndirmədə daha yaxşı nəticə göstərən müəllimlərin kifayət qədər yüksək əməkhaqqı almasına şərait yaradacaq. Qeyd edək ki, bir stavka (həftədə 12 saat) dərs yükünə görə ali təhsilli müəllim stajından asılı olaraq minimum 155 manat (10-cu ixtisas dərəcəsi ilə) maksimum isə 207 manat (15-ci ixtisas dərəcəsi ilə) əməkhaqqı alır.

Əslində, əməkhaqqının artımının diferensial formada həyata keçirilməsi daha ədalətli hesab edilə bilər. Bu artım müəllimlərin maddi rifahını yüksəltməklə yanaşı, onların bilik və bacarıqlarının fərqləndirilməsinə, bu fərqin stimullaşdırma yolu ilə maddi baxımdan qiymətləndirilməsinə imkan verəcək.

Yeni artım təhsil naziri Mikayıl Cabbarovun da söylədiyi kimi, əhalinin aztəminatlı kateqoriyasına aid müəllimlərin maddi güzəranını yaxşılaşdırılmaqla yanaşı, təhsildə keyfiyyət dəyişiklikləri ilə müşayiət olunacaq, təhsilimizin tərəqqisinə güclü təkan verəcək, müəllimlərin peşəkar inkişafına stimul yaradacaq.

Təhsil nazirinin də açıqlamasına görə, hazırda müəllimlərimizin 64 faizinin həftəlik dərs yükü 17 akademik saatdan azdır, yəni onlar il ərzində 408 saatdan az dərs deyirlər.

Müəllimlərin əmək haqlarının artırılması üçün ən optimal yol olan sınaq qiymətləndirmə tezliklə bölgələrdə də həyata keçiriləcək ki, bu da digər rayon və şəhərlərdə yaşayan və az dərs saatına görə aldığı əməkhaqqı ilə ailəsini dolandırmağa məcbur olan müəllimlərimizin vəzifə maaşlarının artmasına, onların da paytaxt müəllimi kimi yüksək əməkhaqqı ala bilməsinə şərait yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti