...

Gənclər üçün yeni məlumatlandırma xidməti yaradılır

Cəmiyyət Materials 28 Yanvar 2015 13:17 (UTC +04:00)
Azərbaycanda gənclərin müxtəlif peşələrə yiyələnməsi ilə bağlı kursların keçirilməsi nəzərdə tutulur.
Gənclər üçün yeni məlumatlandırma xidməti yaradılır

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda gənclərin müxtəlif peşələrə yiyələnməsi ilə bağlı kursların keçirilməsi nəzərdə tutulur. Trend xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bununla bağlı distant və ya səyyar məlumat xidmətinin həyata keçirilməsi planlaşdırılır: "Mobil qruplar regionlarda həm peşə təlimləri keçəcək, həm də məlumatlandırma işləri aparacaq. Bununla bağlı pilot olaraq işlər bu ildən həyata keçirilməyə başlayacaq. Uğurlu olarsa, layihə davam etdiriləcək".

İ.Babayev həmçinin qeyd edib ki, yaradıcı gənclər üçün emalatxanaların açılması nəzərdə tutulur: "İşlərin Azərbaycan qanunvericiliyinə uyğun olaraq həyata keçirilməsi üçün bu sahədə Mədəniyyət və Turizm Nazirliyi ilə birgə təkliflər hazırlanacaq. Məqsədimiz odur ki, gənclərimiz dünyada rəqabətədavamlı mütəxəssisə çevrilsinlər. Bu istiqamətdə zəruri addımlar atılacaq".

O, həmçinin azərbaycanlı gənclərin xaricdə təhsil almasını nəzərdə tutan Dövlət Proqramının icrasının gələcəkdə də davam etdiriləcəyini istisna etməyib: "Azərbaycandan xaricdə təhsil almağa göndərilən tələbələrin sayı artır. Məqsəd qoyulmayıb ki, 5 min tələbə getməlidirsə, onlar mütləq tapılıb göndərilməlidir. Məqsəd ən yaxşıları seçib göndərməkdir. Düşünürəm ki, bununla bağlı Dövlət Proqramının davam etmə ehtimalı var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti