Azərbaycan, Bakı, 18 fevral /Trend/
"Son günlər bəzi kütləvi informasiya vasitələrində quşçuluq müəssisələrində istehsal olunan quş ətinin maye vurulmaqla çəkisinin artırılması ilə barədə yayılan məlumatlar həqiqəti əks etdirmir". Trend-in məlumatına görə, bu barədə Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev bununla bağlı keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, bu mənbəyi bilinməyən xəbərlər istehlakçılar arasında çaşqınlıq yaratmaqla yanaşı, quşçuluq fabriklərinin işgüzar nüfuzuna xələl gətirir: "Lakin qeyd edilməlidir ki, Azərbaycanda fəaliyyət göstərən quşçuluq fabrikləri dünyanın inkişaf etmiş ölkələrinin aparıcı şirkətlərinin ən son texnologiyaları və avadanlıqları ilə təchiz edilib. Bu fabriklərdə robot kəsim tətbiq olunur, istehsal və qablaşdırma prosesi tam olaraq müasir texnologiyaların tətbiqi əsasında aparılır və sanitar-gigiyenik normalar ən yüksək səviyyədə gözlənilir. Quşçuluq məhsullarının istehsalı prosesi insan təması olmadan, qapalı şəraitdə sənaye üsulu ilə yüksək sanitar-epidemioloji qaydalara tam əməl olunmaqla həyata keçirilir və bu məhsullar ekoloji təmiz qablaşdırılır".
A.Vəliyev bildirib ki, yerli quşçuluq müəssisələri tərəfindən məhsul istehsalı, qablaşdırılması və istehlakçılara çatdırılmasının yüksək səviyyədə təşkil olunması bu sahədə milli brendlərin və istehlakçıların bu məhsullara inamının formalaşmasına səbəb olunub: "Quşçuluq fabriklərinin fəaliyyətinə, o cümlədən istehsal və qablaşdırma prosesinə aidiyyəti dövlət strukturları tərəfindən mütəmadi olaraq nəzarət həyata keçirilir".
İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsi Şahin Nağıyev istehlak bazarında mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirildiyini qeyd edərək bildirib ki, nəzarət tədbirləri mütəmadi xarakterli və istehlak bazarında digər mıəhsullarla yanaşı, quş ətinin keyfiyyətinə də ciddi nəzarət edilir. Ümumiyyətlə, dövlət başçısının tapşırığına uyğun olaraq, quşçuluğun inkişafına göstərilən hərtərəfli dövlət dəstəyi, quşçuluq təsərrüfatlarının yaradılmasına və müasir texnologiyaların tətbiqi ilə yenidən qurulmasına verilən 110 mln. manat güzəştli kredit quşçuluğun kompleks inkişafını təmin edib.
Görülən işlərin nəticəsidir ki, sənaye quşçuluğunun illik istehsal gücü 100 min tonu ötüb, quş əti istehsalı 2010-cu ilə nisbətən 1.5 dəfə artaraq 2014-cü ildə 99.4 min tona, o cümlədən sənaye üsulu ilə 3 dəfə artaraq 64.1 min tona çatıb. Bu dövrdə yumurta istehsalı 1.3 dəfə artaraq 2014-cü ildə 1.6 mlrd. ədəd təşkil edib. Yüksək keyfiyyəti ilə seçilən yerli quşçuluq məhsulları daxili bazarla yanaşı, bir sıra xarici ölkələrə də ixrac olunur, həm ölkə daxilində, həm də ixrac ölkələrində istehlakçı məmnunluğu ilə qarşılanır.
Ş.Nağıyev son günlərdə yayılmış məlumatların həqiqəti əks etdirmədiyini vurğulayaraq, istehlak bazarında quş ətinin bütün keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verdiyini bildirib.
Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşı Ramil Salmanov deyib ki, son günlər bəzi kütləvi informasiya vasitələrində toyuqların çəkilərinin onların daxilinə maye vurulmaqla artırılması barədə məlumatlar yayıldıqdan sonra bir daha monitorinqlər aparılıb, satışdan toyuq nümunələri götürülərək laborator müayinədən keçirilib, quş ətinin bütün keyfiyyət göstəricilərinə uyğun olduğu müəyyən edilib: "Bu məlumatların heç bir əsası yoxdur və yerli quşçuluq məhsullarımız öz yüksək keyfiyyəti və çox çeşidliliyi ilə istehlakçıların tələbatına tam cavab verir".