...

Dövlət Xidməti: Sahibsiz heyvanların məhv edilməsi ilə bağlı məlumatlar əsassızdır

Cəmiyyət Materials 12 Mart 2015 17:30 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində sosial şəbəkələrdə sahibsiz heyvanların məhv edilməsi ilə bağlı əsasız şəkildə yayılmış məlumatlara aydınlıq gətirmək məqsədilə brifinq keçirilib.
Dövlət Xidməti: Sahibsiz heyvanların məhv edilməsi ilə bağlı məlumatlar əsassızdır

Azərbaycan, Bakı, 12 mart /Trend/

Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində sosial şəbəkələrdə sahibsiz heyvanların məhv edilməsi ilə bağlı əsasız şəkildə yayılmış məlumatlara aydınlıq gətirmək məqsədilə brifinq keçirilib. Bu barədə Trend-ə qurumun mətbuat xidmətindən məlumat verilib.

Dövlət Xidmətinin rəisi Siyalə Rüstəmova qeyd edib ki, sosial şəbəkələrdə yayılmış məlumatın heç bir əsası yoxdur. Bu, ancaq ictimaiyyət arasında narahatlıq yaratmağa xidmət edir.

Onun sözlərinə görə, Azərbaycan Respublikası 1997-ci ildə Strasburqda "Heyvanların Mühafizəsi" ilə bağlı Avropa Konvensiyasına qoşulub, 2007-ci ildə "Heyvanların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunub: "Bundan əlavə, 2011-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 mart 2011-ci il tarixli 38 nömrəli qərarı ilə "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları" təsdiq edilib. Azərbaycan Respublikasında bütün bu qeyd edilən qanun və qaydalara riayət olunur".

S.Rüstəmova 2014-cü ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən 250 minə yaxın itdə quduzluq xəstəliyinə qarşı peyvəndləmə aparıldığını bildirib və qeyd edib ki, cari ildə bu işləri davam etdirməklə yanaşı, kənd təsərrüfatı naziri Heydər Əsədovun göstərişinə əsasən Azərbaycanda ilk dəfə oral üsulu ilə vəhşi təbiətdə immunizasiya aparılacaq".

Bununla əlaqədar Dövlət Baytarlıq Nəzarəti Xidmətində çevik dəstələr yaradılaraq xəritələr hazırlandığını vurğulayan Xidmət rəisi deyib ki, həmin xəritələrə uyğun olaraq Abşeron yarımadası, Balakən, Şəki, Zaqatala, Qəbələ, İsmayıllı rayonlarının meşə zonalarında, eləcə də Bakı və Sumqayıt şəhərlərində, şəhərətrafı ərazilərdə, küçələrdə sahibsiz və vəhşi təbiətdə olan heyvanlarda oral immunizasiya aparılacaq: "Mən şəxsən bu görüntüləri ölkəmizə, Azərbaycanın imicini ləkələməyə və mühüm beynəlxalq idman tədbirinə, birinci Avropa Oyunlarına qarşı təxribat törətməyə cəhd hesab edirəm. Belə görüntülərin heç bir əsası yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti