...

Bakı Dövlət Universitetində Novruz şənlikləri (FOTO)

Cəmiyyət Materials 17 Mart 2015 18:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart /Trend/

Bu gün Bakı Dövlət Universitetində (BDU) çalışan xarici müəllimlər üçün Novruz şənliyi keçirilib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, universitetin rektoru, akademik Abel Məhərrəmov tədbir iştirakçılarını, o cümlədən Bakı Dövlət Universitetində çalışan xarici müəllimləri Novruz bayramı münasibətilə təbrik edib. Rektor martın 21-nin BMT Baş Assambleyasının müvafiq qərarı ilə Beynəlxalq Novruz Günü elan olunduğu, eləcə də YUNESKO tərəfindən bəşəriyyətin mədəni irs nümunələri siyahısına daxil edildiyi vurğulayıb.

Rektor A.Məhərrəmov, eyni zamanda, Bakı Dövlət Universitetinin tarixi və bu günündən, beynəlxalq əlaqələrindən bəhs edib. Universitetin 70-dən artıq ölkənin 300-dən çox ali təhsil və elm müəssisəsi ilə əməkdaşlıq etdiyini deyən rektor tələbə-müəllim mübadiləsi, birgə tədqiqat, elmi konfrans və seminarların keçirilməsi istiqamətindəki işlərdən danışıb. Hazırda Bakı Dövlət Universitetində ABŞ, Almaniya, Fransa, Türkiyə, Gürcüstan, Çin, Yaponiya, Koreya, İran və başqa ölkələrdən 40-a yaxın mütəxəssisin dərs dediyini diqqətə çatdıran rektor həmin müəllimlərin Azərbaycan gənclərinin daha yüksək təhsil almasına yönəlmiş zəhmətlərini xüsusilə qeyd edib.

Daha sonra Beynəlxalq əlaqələr departamentinin rəhbəri Gülheyran Rəhimova təqdimat edib.

Tədbir xor və rəqs kollektivinin iştirakı ilə keçirilən bədii hissə ilə davam etdirilib.

Qeyd edək ki, bayram münasibətilə xalqımızın adət-ənənələrinə uyğun masalara xonça və səmənilər düzülərək bayram süfrəsi açılıb.

Bu gün Bakı Dövlət Universitetində, həmçinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ənənəvi Novruz şənliyi keçirilib.

Bütün tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edən rektor A.Məhərrəmov Novruzun tarixi kökləri, özünəməxsus xüsusiyyətləri haqqında danışıb, bu bayramın sülh, dostluq, mənəvi saflıq, barışıq, birlik, bərəkətlilik, təbiətin oyanışı kimi xarakterizə edib. Xalqımızın dəyərləri arasında Novruz ənənələrinin xüsusi yeri olduğunu deyən rektor universitetin 17 fakültəsinin ərsəyə gətirdiyi Novruz səhnəsinə baxış keçirib. Bir-birindən gözəl, yüksək zövqlə hazırlanmış və Novruzun bütün atributlarını özündə əks etdirən səhnələrin hər biri ilə ayrı-ayrılıqda tanış olan rektor fakültə əməkdaşları və tələbələrin tədbirə xüsusi hazırlaşdıqlarını qeyd edib.

17 Novruz səhnəsinə baxışdan sonra münsiflər heyətinin qərarına uyğun olaraq qaliblər müəyyənləşdirilib. Birinci yerə Kitabxanaçılıq-informasiya fakültəsi layiq görülüb və fakültəyə 400 manat mükafat verilib.

Digər 16 fakültə 2-ci yeri tutub və onların hər birinə 300 manat mükafat verilib.

Tədbir konsert proqramı ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti