Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir İlkin İzzət/
Qazax rayonunda bir neçə uşaq bağçası-körpələr evində standartın tələblərinin pozulması faktı aşkar olunub.
Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən Qazax rayonu Daş Salahlı kəndində yerləşən 1, 2, 3 və Azadlıq küçəsində yerləşən 6 nömrəli uşaq bağçası-körpələr evində yoxlama aparılıb.
Araşdırma zamanı bağçalarda AZS 747-2013 "Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması" standartının tələblərinin kobud şəkildə pozulduğu müəyyən olunub. Belə ki, bağçaların mətbəx və məhsul anbarlarının vəziyyəti qeyri-qənaətbəxş olub. Mətbəxdə olan soyuducular temperatur göstəriciləri ilə tənzimlənmədən istismar olunur, istismar olunan məişət qabları köhnəlmiş vəziyyətdədir, soba köhnədir və paslanıb, odunlar uşaqların yataq otağında saxlanılır.
6 nömrəli bağçada otaqların qızdırılması üçün dizel yanacağından istifadə olunur ki, bu da həm təhlükəlidir, həm də otaqların qızdırılması üçün kifayət deyil. Habelə, mətbəx işçiləri uniforma ilə təmin olunmayıb və işçilər tibbi müayinədən keçirilməyib.
Bağçalarda gündəlik menyu tərtib edilir. Amma standarta əsasən menyu hər bir müəssisədə qida maddələrinə olan fizioloji tələbat və qidalanma normaları əsasında hazırlanmış 10 günlük və ya 2 həftəlik tərtib olunmalıdır. Həmçinin bişirilmiş yeməklərin gündəlik nümunəsinin götürülməsi zamanı normativ sənədin tələbinə riayət olunmur. Belə ki, gündəlik nümunə 100 qramdan az olmayaraq yemək və qarnir nümunələri həcmində qapalı steril şüşə qablarda götürülməli və 48 saat müddətində xüsusi soyuducuda və ya soyuducuda ayrılmış xüsusi yerdə 2-60 C-də saxlanılmalıdır. Lakin nümunələr adi qablarda götürülərək soyuducuda xammallarla bir yerdə saxlanılır.
Aşkar edilmiş bu və digər nöqsanların aradan qaldırılması üçün müəssisənin rəhbərinə iradnamə verilib, nöqsanların aradan qaldırılması üçün vaxt verilib.