Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir İlkin İzzət/
Azərbaycan dini missionerlik üçün məkan deyil. Biz ənənəvi İslam ölkəsiyik. Xristianlıq və digər dinlərin burada indiki dövrdə genişlənməsindən söhbət gedə bilməz. Burada bunun üçün şərait yoxdur.
Trend xəbər veri ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Mətbuat Şurasının təşəbbüsü ilə "Milli-mənəvi, dini dəyərlər: tarixilik, müasirlik" mövzusunda KİV rəhbərləri ilə keçirilən görüşdə deyib.
O bildirib ki, belə halların qarşısı alınacaq: "Azərbaycanda xristianlığa aid kiçik təriqətləri yaymaq istəyənlərə deyirəm ki, burada sizə yer yoxdur. Eyni zamanda, İslam dininə mənsub olduqlarını iddia edərək radikalizmi yayanlara da yer yoxdur. Biz ölkəmizdə fanatizmə meylli radikal qrupların yayılmasına imkan vermirik və verməyəcəyik. Azərbaycan tolerant ölkədir. Amma bu o demək deyil ki, kim istəsə gəlib burada istədiyini edə bilər. Yehova Şahidləri, 21-ci əsrin adventistləri və digərləri burada təbliğat apara bilərlər".
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan tolerant ölkədir: "Əsrlər boyu burada müxtəlif xalqlar və dinlərə mənsub insanlar dinc birgə yaşayıblar. Bu gün isə Azərbaycan tolerantlıq və multikulturalizm baxımından dünyanın mərkəzlərindən birinə çevrilib. Qloballaşan dünyada dini ekstremizm, islamafobiya meylləri artır. Radikal dini cərəyanlar fəallaşıb. Təəssüf olsun ki, Azərbaycanda da bu cərəyanlara qoşulanlar var".