...

Avropada təhsil alan azərbaycanlılarla növbəti “Global İstedad” görüşü keçirilib (FOTO)

Cəmiyyət Materials 17 Aprel 2015 23:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Aprelin 15-də Almaniyanın paytaxı Berlin şəhərində Azərbaycan Tələbə Şəbəkəsinin (Azerbaijan Student Network- ASN) təşəbbüsü və Berlin Ticarət və Sənaye Palatasının (İHK) dəstəyi ilə 25-dən artıq şirkətin və Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrdən olan 200-dən artıq tələbənin iştirakı ilə "Global İstedad" adlı görüş təşkil edilib.

Görüş çərçivəsində iştirakçılara Avropada uğurlu karyera qurmağın tələbləri, yerli və beynəlxalaq şirkətlərə iş üçün müraciət mərhələsində nəzərə alınmalı olan məqamlar və müvəffəq olmağın sirləri haqqında SOCAR, PwC və E.ON kimi böyük şirkətlərlə yanaşı, kiçik və orta miqyaslı şirkətlərin nümayəndələri və bəzi alman diplomatik organlarının təmsilçiləri tərəfindən ətraflı məlumat verilib, onlara məşhur şirkətlərlə münasibət imkanı yaradılıb. Görüşdə təmsil olunan Almaniya Xarici İşlər Nazirliyinin nümayəndələri iştirakçılara nazirlikdəki iş imkanları və şərtləri ilə bağlı məlumat və tövsiyələrini verib, onların suallarını cavablandırıb.

"Pecha Kucha" adlı müasir və dinamik təqdimat formatında təşkil olunmuş müzakirələr mərhələsində Almaniyada profesional fəaliyyət göstərən başqa millətdən olan qonaqlar tələbələrimizə Avropada iş həyatının imkan və çətinlikləri barədə danışıb və tövsiyələrini bölüşüblər.

2013-cü ildə Almaniyanın Düsseldorf şəhərində təşkil olunmuş ilk görüşlə müqayisədə bu ilki görüşün miqyası əhəmiyyətli dərəcədə böyümüş, daha çox şirkət təmsil olunmuş və iştirakçıların sayı artmışdır. Sevindirici haldır ki, Düsseldorf görüşünün bəzi iştirakçıları onlara verilən imkandan layiqincə yararlanmış və artıq bu ilki görüşə işlədikləri müəssisələrin təmsilçiləri kimi qatılmışlar.

ASN-dən bildirilib ki, layihənin məqsədi Avropada iş həyatı qurmaq istəyən həmvətənlərimizə doğru istiqamət göstərmək, onlara gələcəkdə vətənimiz üçün faydalı ola biləcək sahələrdə ixtisaslaşmaq şəraiti yaratmaqdır. Layihənin uğurlu olmasından ilhamlanan tələbə şəbəkəsi bu məqsədli görüşlərin gələcəkdə də təşkil olunmasını planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti