...

“Humanitar sahədə təhsil alan gənclər üçün internet resursu” yaradılır

Cəmiyyət Materials 19 May 2015 14:11 (UTC +04:00)
Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Humanitar sahədə təhsil alan gənclər üçün internet resursu” layihəsini həyata keçirir.
“Humanitar sahədə təhsil alan gənclər üçün internet resursu” yaradılır

Azərbaycan, Bakı, 19 may /Trend/

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Humanitar sahədə təhsil alan gənclər üçün internet resursu" layihəsini həyata keçirir.

Trend-in məlumatına görə, layihə cari ilin may ayında başlayıb və iyul ayı sonunda başa çatacaq.

Layihənin əsas mahiyyəti Azərbaycan Respublikasının xarici və daxili siyasəti, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi həqiqətlərini dünya ictimaiyyətinə bildirmək üçün analitik təhlil və məqalələrin internet resursunda yayımlanmasıdır. Bu zaman xüsusilə Azərbaycan dövlətinin müxtəlif sahələr üzrə siyasətini təhlil edən gənc alim və tədqiqatçıların bir neçə xarici dildə (azərbaycan, türk, ingilis, rus) yazdıqları analitik materiallara üstünlük veriləcəkdir.

Gənclərin müxtəlif sahələr üzrə müasir və yüksək standartlarda bilik və bacarıqlara sahib olmaları hər bir dövlət üçün xüsusi əhəmiyyət daşıyan məsələlərdən biridir. Çünki, cəmiyyətlərin ümumi ayıq sayıqlığının, problemlərini dərk etməsinin və problemlərin həllinə dair fikirlərə sahib olmasının ümumi sabitlik, inkişaf və təhlükəsizliyin təminindəki rolunun əhəmiyyəti getdikcə artmaqdadır. Bu istiqamətdə xüsusi rolu isə gənclərin müxtəlif istiqamətlər üzrə təhsil, bilik və bacarıqlarının artırılması təşkil edir.

Azərbaycanın müstəqilliyinə qovuşmasından 20 ildən çox vaxt ötür. Müstəqillik əldə olunandan sonra dövlətimiz təhsil və elm sahəsinə xüsusi diqqət yetirir, müxtəlif elm sahələrini inkişaf etdirməyə çalışır. Müxtəlif sahələr üzrə islahatlar, təhsildə yeniliklərin tətbiq edilməyə çalışılması, qısacası dövlət səviyyəsində görülən işlər öz ciddi nəticələrini şübhəsiz ki, verir. Amma, həm hər şeyi dövlətdən gözləmək yerinə ictimai birliklərin özlərinin təşəbbüslərlə çıxış edərək bu sahədə iş görmələri zərurəti, həm də ictimai elmlər üzrə mövcud dövlət resurslarının, ali təhsil müəssisələrindəki imkanların və sistemlərin yeniliklərin tətbiqinə tam imkan verməməsi bu sahədə yeni ideyalarla çıxış edilməsini zəruri edir.

Yeni müstəqil ölkə kimi Azərbaycan üçün texniki sahələr üzrə təhsildə və digər məsələlərdə problemləri daha asan həll etmək, yenilikləri daha rahat tətbiq etmək və onlardan istifadə etmək imkanı mövcuddur.

Mövcud vəziyyətin əsas səbəblərindən biri də odur ki, Azərbaycanda yüksək səviyyədə fəaliyyət göstərən və beynəlxalq arenada öz xüsusi çəkisi olan ictimai elmlər (humanitar) üzrə araşdırma mərkəzləri hələ də formalaşmayıb. Bunun müxtəlif obyektiv və subyektiv səbəbləri mövcuddur ki, onlar arasında ölkədə müvafiq ənənənin olmaması da var. Bütün bu əksiklklərin ortadan qaldırılması isə, müvafiq strukturların formalaşdırılması prosesi ilə yanaşı, yeni, müasir standartlarda bilik və bacarıqlara sahib gəncliyin yetişdirilməsi ilə də mümkün olacaqdır.

Aydın məsələdir ki, dövlətin idarə olunması prosesi, ölkəmizin Qarabağ problemi başda olmaqla sahib olduğu problemlərin həlli üçün töhfələr verilməsi, yüksək və dayanıqlı inkişaf, dayanıqlı təhlükəsizlik və sabitlik üçün yeni kadrların ictimai elmlər üzrə müasir standartlarda bilik və bacarıqlara yiyələnmələri xüsusi əhəmiyyət kəsb edir.
Müxtəlif universitetlərin humanitar ixtisaslar üzrə tələbələrinin səviyyəsi ilə bağlı aparılan müşahidələr bu sahədə əksikliyi daha da ciddi şəkildə ortaya qoyur.

Layihə qeyd edilən məqsədə çatılması istiqamətində bir neçə baxımdan faydalı olacaqdır. Saytın fəaliyyətləri, xüsusilə dövlət idarəçiliyi, siyasətşünaslıq, regionşünaslıq, tarix, beynəlxalq münasibətlər sahələrində təhsil alan tələbələrin, xarici siyasət sahəsinə marağı olan gənc mütəxəssislərin maarifləndirilmələrinə və elmi-tədqiqatlar aparmaq üçün təşviq edilmələrinə tövhə verəcəkdir. Saytda Azərbaycandan olan tədqiqatçıların məqalələrinə və xarici müəlliflərin məqalələrinin orijinallarına və tərcümələrinə yer veriləcəkdir. Bu məqalələrlə humanitar sahə üzrə təhsil alan tələbələr və gənc təqdidatçılar üçün əlavə mənbə yaradılmasına çalışılacaqdır.

Eyni zamanda saytda gənc müəlliflər üçün xüsusi guşə hazırlanacaq ki, bu guşədə tələblələrin və gənc tədqiqatçıların məqalələri dərc olunacaqdır. Gənc tədqiqatçılar həm məqalələri yayınlanaraq, elmi tədqiqata təşviq ediləcək. Beləcə əlaqədar sahələr üzrə mütəxəssislərin sayının artmasına və cəmiyyətə yeni, fərqli mövqelərin təqdim olunmasına çalışılacaq.

Layihə çərçivəsində yayınlanacaq sayt mümkün qədər geniş maraq dairəsi üçün oxunmalı xüsusiyyətə sahib olacaq və hədəf-qrupa çatdırılmasına xüsusi diqqət göstəriləcək. Saytın əlaqədar bütün dövlət qurumlarının, ali məktəb tələbələrinin, əlaqədar QHT-lərin, marağı olan şirkətlərin, ümumilikdə geniş kütlələrin, Azərbaycanın xaricdəki səfirliklərinin, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, beynəlxalq təşkilatların baş ofislərinin nümayəndəliklərinin diqqət mərkəzində olması üçün maksimum cəhdlər göstəriləcəkdir. Layihəni tanıtmaq və həm gəncləri yazmağa təşviq etmək, həm də yazıları tanıtmaq üçün elektron ortamdan, həm də müxtəlif təbəqələrə və kateqoriyalara xitab edən dövri mətbuatdan istifadə ediləcəkdir.

İnternet resursu dörd dildə (azərbaycan, türk, ingilis, rus) qurulacaq və geniş oxucu kütləsinin istifadəsinə veriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti