...

Dinşünas ekspertlərin dini-ictimai məsələlərlə bağlı silsilə toplantılarına start verilib

Cəmiyyət Materials 8 İyun 2015 16:01 (UTC +04:00)
Azərbaycan Respublikası Dini Araşdırmalar Mərkəzi (DAM) dinşünas ekspertlərin silsilə toplantılarına start verib.
Dinşünas ekspertlərin dini-ictimai məsələlərlə bağlı silsilə toplantılarına start verilib

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Respublikası Dini Araşdırmalar Mərkəzi (DAM) dinşünas ekspertlərin silsilə toplantılarına start verib.

DAM-dan Trend-ə verilən məlumata görə, Mərkəz "Günümüzdə milli-mənəvi dəyərlər" mövzusunda ilahiyyat üzrə ekspertlərin qatılacağı silsilə tədbirlərin təşkilinə start verib. Toplantılar milli-mənəvi dəyərlər sahəsinin günümüz üçün ən aktual problemlərinin müzakirəsi, problemlərin araşdırılması və həlli yollarının təklifinə həsr olunmuş diskussiyalar şəklində həyata keçiriləcək, diskussiyalara ən müxtəlif baxış bucaqlarını, eyni zamanda müxtəlif məzhəb nümayəndələrini təmsil edəcək ilahiyyatçılar dəvət olunacaq. Silsilə toplantılardan birincisi isə qarşıdan müqəddəs Ramazan ayının gəldiyini nəzərə alaraq Ramazan ayının ictimai mahiyyətinin müzakirəsinə həsr edilib.

"Dəyirmi masa" formatında təşkil edilən tədbirdə tanınmış ruhanilər, ilahiyyatçı alimlər, o cümlədən jurnalistika, tarix və sosiologiya kimi humanitar sahələrdə ixtisaslaşmış tədqiqatçılar iştirak ediblər. Dini Araşdırmalar Mərkəzinin icraçı direktoru Natiq Rəhimov deyib ki, bu tədbirlərin əsas məqsədi stereotipləşmiş və ixtilaf səbəbi kimi göstərilən dini-ictimai mövzuların elmi diskussiyalara açılmasıdır.

Tədbirdə çıxış edən "Ramazan ayının ictimai mahiyyəti" mövzusunda məruzə ilə çıxış edən Bakı Dövlət Universitetinin müəllimi Aqil Şirinov qeyd edib ki, Ramazan ayı cəmiyyətdə artıq qıcıq obyektinə çevrilmiş ixtilaflarla, fikir ayrılıqları ilə deyil, həqiqətən mənəvi yüksəliş, cəmiyyətdə xeyriyyəçilik, yardımlaşma, müsbət etiqad ənənələrinin yüksəlişi ilə yadda qalmalıdır. O, cəmiyyətdə Ramazan ayı ilə bağlı formalaşan bəzi ənənələri tənqid edib, israfdan, özünü göstərmə kimi tendensiyalardan qaçaraq, daha müsbət ənənələrin formalaşdırılmasına çağırıb.

Mövzuya fərqli tərəfdən yanaşan Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçisi Aslan Həbibovun fikrincə, Ramazan ayı, hədislərdə də təkid edildiyi kimi, fərdlərin ibadət və mənəvi yüksəlişi üçün çalışma ayı olmalı, bununla belə gündəlik həyatda tənbəlləşməyə gətirməməlidir. Bu ayda dindarların, oruc tutanların cəmiyyətə daha çox xeyri dəyməli, xeyriyyəçilik ənənələri inkişaf etdiriməli, vəhdət, dostluq və qarşılıqlı yardımlaşmalarla yadda qalmalıdır.

Görüşdə imsak-iftar saatları və Ramazan bayramının vaxtı ilə əlaqədar hər il yaşanan mübahisələr ətrafında da geniş müzakirələr olub. İştirakçıların fikrincə, imsak və iftar saatları, yeni ayın gəlişi ilə bağlı ixtilaflar dini deyil, daha çox elmi yanaşma fərqliliyindən qaynaqlanır. Ona görə də bu məqamda müxtəlif fikir daşıcıyılarının bir-birini ittiham etməsinə heç bir zərurət yoxdur. Dindarlar etimad etdikləri məzhəb və alimlərə uyğun hərəkət edə bilərlər.

Həmçinin sıravi dindarları maraqlandıran məsələnin elmi təqvimlərdəki fərqlər olduğu qeyd edilib, eyni zamanda son illərdə ölkədə vahid təqvim tərtib etmək təşəbbüsü dəstəklənib. İştirakçıların fikrincə, bu təşəbbüs bütün tərəflərin və məzhəb nümayəndələrinin mövqeyini qoruyaraq həyata keçirilməli, əksinə yeni ixtilaf və mübahisələr üçün əsas olmamalıdır. Bayram namazına gəldikdə də müvafiq qanunvericiliyə görə Azərbaycanda bayram 2 gün qeyd edilir və müsəlmanlar bu günlərdən hər hansı birində namaz qıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti