...

Ədliyyə Nazirliyi yanında yaradılmış İctimai Komitənin fəaliyyətinə qiymət verildi

Cəmiyyət Materials 9 İyun 2015 11:48 (UTC +04:00)
Ədliyyə Nazirliyi yanında yaradılmış İctimai Komitə üzvləri nazirlik tərəfindən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun tətbiqi ilə bağlı yaradılmış Komissiyanın digər üzvləri ilə birgə, habelə məhkumların valideynləri və yaxınları, hətta zərərçəkmiş şəxslər dəvət olunmaqla cəzaçəkmə müəssisələrinə 170-dən artıq səfər edilərək məhkumlarla görüşlər keçirilib.
Ədliyyə Nazirliyi yanında yaradılmış İctimai Komitənin fəaliyyətinə qiymət verildi

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir İlkin İzzət /

Ədliyyə Nazirliyi yanında yaradılmış İctimai Komitə üzvləri nazirlik tərəfindən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun tətbiqi ilə bağlı yaradılmış Komissiyanın digər üzvləri ilə birgə, habelə məhkumların valideynləri və yaxınları, hətta zərərçəkmiş şəxslər dəvət olunmaqla cəzaçəkmə müəssisələrinə 170-dən artıq səfər edilərək məhkumlarla görüşlər keçirilib. Həqiqi islah yoluna qədəm qoymuş 2900-ə yaxın məhkum şərti azad olunmağa və ya yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinərək məhkəmələr tərəfindən baxılmış həmin işlərdən 96%-i müsbət həll edilib.

Trend xəbər verir ki, bu barədə bu gün İctimai Komitənin iki illik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar tərkibi millət vəkillərindən, nüfuzlu ictimaiyyət nümayəndələrindən, alimlərdən, din xadimlərindən və aidiyyəti orqanların təmsilçilərindən ibarət olan Seçki Komissiyası ilə keçirilən hesabat görüşündə İctimai Komitənin koordinatoru, millət vəkili Çingiz Qənizadə bildirib.

Ç.Qənizadə qeyd edib ki, vətəndaş cəmiyyəti ilə hüquq mühafizə orqanları arasında faydalı əməkdaşlıq mexanizmi və nümunəvi model kimi təqdir olunan İctimai Komitə ötən dövrdə bu təsisata daxil olmayan digər QHT və KİV nümayəndələri, habelə Ombudsmanın Milli Preventiv Mexanizm Qrupu ilə birgə müxtəlif cəzaçəkmə müəsissələrinə bütövlükdə 315-dən artıq başçəkmə həyata keçirib, məhkumların saxlanma şəraitinə və islah prosesinə xüsusi diqqət yetirib, müvafiq tövsiyələr verib. Komitənin monitorinqlərin nəticələri üzrə Ədliyyə Nazirliyinə təqdim etdiyi hesabatlar və tövsiyələr təhlil olunaraq zəruri tədbirlər görülüb.

İctimai Komitə son illər penitensiar sistemin və infrastrukturun müasirləşdirilməsini, məhkumların saxlanma şəraitinin, tibbi və digər təminatlarının yaxşılaşdırılmasını müşahidə edərək sonrakı və hazırkı dövrdə daha çox məhkumların islah olunması komponentinə diqqət yetirib və 1600-ə yaxın məhkuma müxtəlif istiqamətlər üzrə hüquqi yardım göstərib.

İclasda çıxış edən Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov bildirib ki, 2006-cı ildən ədliyyə naziri yanında tərkibi qeyri-hökumət hüquq müdafiə təşkilatlarının nümayəndələrindən ibarət formalaşdırılmış İctimai Komitə uğurla fəaliyyət göstərir: ""İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikası Qanununun qəbul olunması vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın daha da genişləndirilməsinə böyük təkan verib, İctimai Komitənin səlahiyyətləri həmin Qanuna uyğun olaraq daha da genişləndirilib, o cümlədən səlahiyyət müddəti artırılıb və Komitə ədliyyənin müxtəlif fəaliyyət istiqamətləri üzrə görülən işlərə fəal cəlb olunur".

İclasda qeyd edilib ki, iyunun 12-də səlahiyyət müddəti başa çatan Komitə üzvləri onlara verilmiş yeni səlahiyyətlərə uyğun olaraq ədliyyə fəaliyyəti üzrə müxtəlif tədbirlərdə, o cümlədən Nazirliyin kollegiya iclaslarında, konfrans və seminarlarda, habelə qulluğa qəbulla bağlı müsabiqələrdə (test imtahanı və söhbət mərhələsində) yaxından iştirak edirlər. Həmçinin ədliyyə işinin müxtəlif istiqamətləri üzrə birgə "açıq qapı" günləri keçirilir, vətəndaş cəmiyyəti institutları nazirlikdə fəaliyyət göstərən daimi monitorinq qrupuna cəlb olunaraq ədliyyə orqanlarında və məhkəmələrdə işin təşkili vəziyyəti ilə tanış olurlar və həmçinin, bu zaman onlar ictimai rəyi öyrənmək, o cümlədən vətəndaşlarla anonim anket sorğuları aparmaq imkanına malikdirlər. İctimai Komitənin işinin səmərəliliyinin artırılması məqsədilə mütəmadi olaraq nazirliyin rəhbərliyi və onu formalaşdıran Seçki Komissiyası ilə görüşlər keçirilərək fəaliyyəti ilə bağlı təhlillər aparılır, qiymətləndirilir və tövsiyələr verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti