...

Azərbaycan su qıtlığı problemindən necə xilas olacaq?

Cəmiyyət Materials 12 İyul 2015 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Yaxın gələcəkdə Azərbaycanda hətta quraq illərdə belə böyük su qıtlığı problemi yaranmayacaq. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

Onun sözlərinə görə, Azərbaycan rütubəti çatışmayan ərazidir: "Buna görə də rütubətli aylarda su anbarlarına nə qədər çox su yığılsa, ölkənin bir o qədər də su ilə təmin olunma imkanı güclü olacaq".

İnstitutun direktor müavini qeyd edib ki, gələcəkdə Azərbaycanda su qıtlığı probleminin yaranmaması üçün ölkə ərazisində çayların məcrasında və məcradan kənar su anbarlarının yaradılması işlərinin əhatə dairəsini bir qədər də genişləndirmək lazımdır.

E.Əlizadənin sözlərinə görə, ölkə prezidentinin sərəncamı ilə yaxın vaxtlar ərzində Azərbaycanda 100-ə yaxın kiçik su elektrik stansiyası və su anbarları yaradılacaq: "Onların təqribən 10-a yaxını artıq tikilərək istifadəyə verilib. 2020-ci ilə qədər 30-dan çox su anbarının tikilməsi nəzərdə tutulub. Bu sahədə görülən tədbirlər imkan verir ki, yaxın gələcəkdə Azərbaycanda hətta quraq illərdə belə böyük su qıtlığı yaşanmayacaq".

Su anbarlarının tikilməsi üçün əsasən, hansı çayların məcralarından istifadə edilmə zərurətinə gəldikdə isə, E.Əlizadə bildirib ki, artıq şimal çaylarının suyu bir yerə toplanaraq istifadə edilir: "Qusar çay, Qudyalçay, Qaraçay, Vəlvələçaydan sular yığılaraq Taxtakörpü Su Anbarına tökülür. Hazırda Azərbaycanda istifadə edilməsi üçün tələb olunan çaylar Ağsuçay, Girdimançay, Göyçay və Vəndamçay, Filfiliçay, Daşağılçaydır. Bu hövzələrdə də su anbarları yaradılsa, su ehtiyatları artar. Su anbarlarının Zəyimçayda, Kürəkçayda, eləcə də Qanıx, Qabırlı çayları üzərində də tikilməsi çox yaxşı olardı. Onlarda yay aylarında su azalır. Bu da normaldır, amma qalan aylarda orda su var. Şəki və Qax rayonlarının Açınohur alçaq dağlığı hissəsində anbar tikilsə, onda çox böyük ərazilərdə böyük məhsuldar torpaqları suvara bilərik. Bununla həm də əhalinin su təminatı yaxşılaşar. Bu, ətraf rayonların su təminatına da çox böyük kömək edər".

E.Əlizadə qeyd edib ki, su anbarının tikilməsi üçün həmin çaylarda sululuğun normal olması lazımdır: "Adlarını sadaladığımız çaylar Azərbaycanın nisbətən böyük çaylarıdır. Həmin çaylarda sululuqla bağlı problem yoxdur. Burada ekoloji axın anlayışı var. Çaylardan su ehtiyatı suya tələbatın az olduğu qış və yaz aylarında yığılır. Suvarma dövründə həmin su ehtiyatları ekoloji axın şəklində buraxılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti