Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir Elmir Murad/
Baş Dövlət Yol Polisi İdarəsi havaların isti keçməsi ilə əlaqədar sürücülərə növbəti dəfə müraciət edib.
İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Trend-ə açıqlamasında bildirib ki, sürücülərə soyuducu sistemi olmayan avtomobillərdən günün isti vaxtlarında mümkün qədər istifadə etməmək tövsiyə olunur.
İdarə rəsmisinin sözlərinə görə, yayda qeydə alınan yol qəzalarının əksəriyyəti günorta saatlarında baş verir: "Günorta vaxtlarında qeydə alınan yol-nəqliyyat hadisələri məhz günün qızmar vaxtlarına təsadüf edir. İsti hava və havada olan müxtəlif qazlar sürücüyə həm psixoloji, həm də fizioloji təsir edir. Son günlərdə hava temperaturunun ölkə boyu yüksək olmasını nəzərə alaraq, nisbətən uzaq məsafədə yola çıxan sürücülərdən kondisioneri olmayan avtomobillərdən saat 12:00-dən 18:00-dək mümkün qədər az istifadə etmələri və soyuducu sistemlə təchiz olunmuş ictimai nəqliyyat vasitələrinə üstünlük vermələri xahiş olunur".
Azərbaycan Səhiyyə Nazirliyi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası baş həkiminin müavini Oqtay Şahmalıyev də Trend-ə açıqlamasında sürücülərə isti havada avtomobillərdən az istifadə etməyə və bayıra sərin vaxtlarda çıxmağı tövsiyə edib. Onun sözlərinə görə, isti vurma müxtəlif fəsadlar yarada bilər və sürücülərdə diqqətin pozulmasına gətirib çıxara bilər: "Hər şey ola bilər. Ümumiyyətlə, istər sürücülər, istərsə də adi vətəndaşlar isti havada, yəni saat 11:00-dan 18:00-dək zərurət olmadığı təqdirdə bayıra çıxmasalar, daha yaxşı olar. Bayıra çıxasalar belə, kölgəlikdə olmalıdırlar və özləri ilə ehtiyat su götürməlidirlər".