...

“İlk dəfə o hissi keçirəndə...” – 9 qat dünya çempionu (FOTO)

Cəmiyyət Materials 17 Sentyabr 2015 12:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir Azər Niftiyev/

Trend "İşdən sonra" rubrikası çərçivəsində Azərbaycan Mautay Federassiyasının vitse-prezidenti, kikboksinq üzrə 9 qat dünya, 3 qat Avropa çempionu Araz Musayevin müsahibəsini təqdim edir.

Başa düşdüm ki, bir yolum var, idmançı olmalıyam...

1977-ci ildə Masallı rayonunun Lürən kəndində dünyaya göz açan Araz 7 yaşından idmanla məşğul olmağa başlayır. Arazın dediyinə görə, o zamanlar dostları arasında fərqlənmək, gücünü göstərmək üçün idmanı seçib: "Həmyaşıdlarım məktəbə hazırlaşdığı bir dövrdə mənim beynimdə yalnız bir arzu var idi - idmançı olmaq. Sonra başa düşdüm ki, idman mənim həyat tərzimdir. Bundan sonra idmana daha ciddi və peşəkar yanaşmağa başladım".

7 rəqəmi mənim üçün düşərlidir...

Araz deyir ki, 17 yaşında artıq böyük idmana qədəm qoyub: "Kənardan çoxlarına asan gəlir. Fikirləşirlər ki, idmanda nailiyyət qazanmaq çətin deyil. Bir az güc yığ, peşəkar vərdişlərə yiyələn, uğur səni özü aparacaq. Əslində isə bu, qətiyyən belə deyil. İdmanda qələbə qazanmaq üçün illərlə çalışmalı, səylə mübarizə aparmalısan. Bu mənada mənim üçün də hər şey asan və rəvan olmayıb. Dörd il fasiləsiz öz üzərimdə işləyəndən sonra nəhayət, 1998-ci ildə ölkə çempionatlarında uğur qazanmağa başladım. İlk idman nailiyyətim ölkə ikinciliyi oldu".

Müsahibimiz əlavə edir ki, yeddi rəqəmi onun üçün düşərlidir: "7 yaşında idmana, 17 yaşımda böyük idmana qatıldım, 27 yaşımda isə dünya çempionu oldum".

İlk dəfə o hissi keçirəndə...

2004-cü ildə ilk dəfə olaraq dünya çempionu olan Arazın uğurları bir-birini əvəz etməyə başlayır. Bundan sonra Araz hər il dünya və Avropa çempionatlarında birincilik əldə etməyə başlayır: "2004-cü ildən sonra elə bir dünya, Avropa çempionatı olmadı ki, orada uğur qazanmayım. Hansı yarışa getdimsə, qələbə qazandım, çempion oldum".

İlk dəfə dünya çempionu olmasından danışan Araz bildirir ki, həmin günü indi də xatırlayır: "Uşaqlıq arzum idi ki, dünya çempionatına qatılım və birincilik əldə edim. İlk dəfə dünya çempionu olanda və ölkəmizin bayrağını dalğalandıranda elə hisslər keçirdim ki, onu sözlə ifadə etmək çətindir. Bu, bir başqa hiss idi".

O, bizi qələbədən qələbəyə ruhlandırırdı...

Müsahibimiz etiraf edir ki, onun ardıcıl uğurlar qazanmasında payı olan insanlar çoxdur: "Ailəmdən tumuş dostlarıma, məşqçilərimə qədər hamının üzərimdə zəhməti var. Amma əsas zəhmət Ulu Öndər Heydər Əliyev və Cənab Prezident İlham Əliyevindir. Bizim gəncliyimiz müstəqilliyimizin ilk illərinə təsadüf etdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə digər sahələrdə olduğu kimi, idman sahəsində də tərəqqi baş verdi. Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyilə ölkədə olimpiya hərəkatı vüsət götürməyə başladı. Heç şübhəsiz, bu biz idmançılar arasında ruh yüksəkliyi yaradırdı və bizə böyük stimul verirdi. Hər dəfə qızıl medalla ölkəmizə qayıdanda bizi şəxsən Cənab Prezidentin özü qəbul edir və tövsiyyələrini verirdi. O, bizi qələbədən qələbəyə ruhlandırırdı".

Qızım da mənim yolumla gedir...

Arazın 9 yaşlı qızı da atasının yolu ilə gedir. Bədii gimnastika ilə məşğul olan Gövhər Musayeva yaşının az olmasına baxmayaraq, yeniyətmələr arasında keçirilən Respublika birinciliyində üçüncü yer tutub: "İddiası birincilik qazanmaqdır. Onun məndən əxz etdiyi xüsusiyyətlər çoxdur. İnanıram ki, o, mənim yolumu ləyaqətlə davam etdirəcək və ölkəmizi beynəlxalq əhəmiyyətli yarışlarda uğurla təmsil edəcək".

Xatırladaq ki, Araz Musayev hazırda Fövqəladə Hallar Nazirliyində çalışır. Dediyinə görə, insanların həyatını xilas etmək, onları qorumaq şərəflidir və müsahibimiz öz işindən zövq qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti