...

Azərbaycanda "check-up" müayinədən keçən insanların sayını necə artırmaq olar? - ARAŞDIRMA

Cəmiyyət Materials 30 Sentyabr 2015 17:07 (UTC +04:00)
Bu gün Azərbaycanın, demək olar, bütün tibb müəssisələrində orqanların yoxlanılması mümkün olsa da, “cheсk-up” müayinəsi bir paket şəklində, əsasən, özəl klinikalar tərəfindən təqdim edilir.
Azərbaycanda "check-up" müayinədən keçən insanların sayını necə artırmaq olar? - ARAŞDIRMA

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Pasiyentlərdə mövcud olan xəstəliklərin vaxtında aşkarlanmasına və mümkün risk amillərinin əvvəlcədən müəyyən edilməsinə imkan verən "check-up" (tam müayinə) müayinələri bir çox xarici ölkələrdə əhali arasında geniş yayılsa da, Azərbaycanda insanlar bu tibbi xidmət növündən, demək olar, çox az hallarda istifadə edirlər.

Qəbul olunmuş acı reallığımız budur ki, Azərbaycanda insanların böyük əksəriyyəti yalnız səhhətlərində hər hansı problem yarandıqdan sonra həkimə müraciət edir, bu zaman da yalnız həkimin təhriki ilə ümumi müayinədən keçirlər.

Bu gün Azərbaycanın, demək olar, bütün tibb müəssisələrində orqanların yoxlanılması mümkün olsa da, "cheсk-up" müayinəsi bir paket şəklində, əsasən, özəl klinikalar tərəfindən təqdim edilir. Bu müayinələrin qiymətləri isə 50-70 manatdan başlayır.

"Ankara" Tibb Mərkəzinin baş həkimi Zülfüqar Yusifovun sözlərinə görə, bir neçə il əvvəl insanların ümumiyyətlə "check-up" müayinələri haqqında məlumatı olmadığı halda, son illərdə bu xidmət növünə maraq nisbətən artıb. Bununla belə, bütün dünyada daha səmərəli hesab olunan "check-up" müayinə paketlərinə Azərbaycanda göstərilən marağı yenə də tam qənaətbəxş hesab etmək olmaz: "Bir neçə il əvvəl "check-up"ın ümumiyyətlə nə olduğunu başa düşmürdülər. Ancaq bu gün bəzi insanlar hətta paketlər olmayanda belə müraciət edərək özlərini müayinə etdirirlər. Çünki belə müayinələrin üstünlüklərini bilirlər. Burada hədəfə və risk qruplarına yönəlmiş yoxlamalar aparılır. Üstəlik, bu yoxlamaların iqtisadi baxımdan əlverişli olması "check-up" müayinələrini xeyli cəlbedici edir".

Z.Yusifov bildirib ki, "check-up" müayinələrini daha çox orta yaşlı insanlar edirlər. Belə müayinələr barədə məlumatlar daha çox internetlə yayıldığından insanlar da onun barədə internetdən bilgi alaraq klinikalara üz tuturlar.

Baş həkim hesab edir ki, "check-up" müayinələrinə marağın artması üçün maarifləndirmə, təbliğat işləri daha yüksək şəkildə aparılmalıdır. Bu işlər isə daha çox həkimlər və KİV-lər tərəfindən həyata keçirilməlidir. Bununla yanaşı, bu məsələdə ən vacib amil insanların öz sağlamlıqlarına biganə qalmamasıdır ki, insanlar da bunu dərk etməlidirlər.

Z.Yusifovun sözlərinə görə, eyni paketlərlə müxtəlif ehtiyacları ödəmək olmadığından "check-up" müayinələri həm ümumi, həm də ayrı-ayrı xəstəlik, yaş qrupları üzrə olur. Ümumi paketlərdə qanın ümumi analizi, ürək-damar, mədə-bağırsaq sisteminin ümumi vəziyyətinin qiymətləndirilməsi, bəzi virusların, qanda şəkərin, laxtalanma faktorlarının və s. yoxlanılması həyata keçirilir. Konkret istiqamətli "check-up"larda isə hormonların, mədəaltı vəzinin və s. faktorların yoxlanılması daha çox önəmli olur.

Baş həkim deyib ki, "check-up" müayinələrində analizlərin sayı minimal sayda olduğundan, həkimlər öz əməklərini bir qədər ictimai yolla ortaya qoyduqlarından xidmət daha ucuz şəkildə həyata keçirilmiş olur.

Azərbaycan Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev Trend-ə verdiyi açıqlamasında "check-up" müayinəsinin daha geniş şəkildə tətbiqi üçün əhali arasında təbliğat işlərinin aparılmasını zəruri sayıb: "İnsan daim özünün sağlamlıq vəziyyətini bilməlidir. Artıq nikaha daxil olan insanlar öncədən müayinədən keçirlər, öz sağlamlıq vəziyyətlərini bilirlər. Bu da vacib məsələdir. Xəstəliyin qarşısını almaq onun müalicəsindən daha asandır və bu, həm dövlətə, həm də ailəyə ucuz başa gəlir".

T.Musayev əlavə edib ki, "check-up" müayinəsinin daha geniş şəkildə tətbiqini sığorta sistemi ilə də həll etmək olar. Bir çox ölkələrdə insanlar sığorta agentliyi tərəfindən sığortalanmaqla, müəyyən müddətdən bir "check-up"dan keçirilirlər.

"CONSULTANT" Tədris və Konsaltinq Mərkəzinin prezidenti Xəyal Məmmədxanlı isə Trend-ə bildirib ki, bu gün sığorta şirkətləri təqdim etdikləri tibbi sığorta paketlərinə daha sərfəli "check-up" müayinə paketlərini daxil etməklə insanları bu xidmət növündən istifadə etməyə həvəsləndirə bilərlər: "Əslində, insanlar öz sağlamlıqlarına və həyatlarına biganədirlərsə, onlara heç nə etmək olmaz. Amma təbii ki, insanlar sığortalanarsa, müayinə üçün tibb müəssisələrinə daha rahat, qorxmadan müraciət edə bilərlər".

X.Məmmədxanlı təklif edir ki, insanların "check-up" müayinələrinə daha çox cəlb edilməsi üçün sığorta şirkətləri sığortalanmadan öncə vətəndaşların müayinədən keçirilməsini istəyə bilər: "Sığorta şirkətinin hüququ var ki, sığorta müqaviləsi bağlanan zaman şəxsin tibbi müayinədən keçməsini tələb etsin. Sığorta haqqını da onun səhhətinin vəziyyətinə görə müəyyən etsin. Amma bu gün problem odur ki, könüllü şəkildə tibbi sığorta olunanların sayı çox deyil. Əgər icbari tibbi sığortanın tətbiqinə başlanılarsa, o zaman belə müayinələrdən keçənlərin də sayı artacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti