...

Bölgələrdə inşa olunmuş 24 fərdi yaşayış evi müharibə əlilləri və şəhid ailələrinə təqdim olundu (FOTO)

Cəmiyyət Materials 5 Oktyabr 2015 14:24 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Ağdam və Ağcabədi rayonlarında inşa olunmuş 24 fərdi yaşayış evi müharibə əlilləri və şəhid ailələrinə təqdim olunub.
Bölgələrdə inşa olunmuş 24 fərdi yaşayış evi müharibə əlilləri və şəhid ailələrinə təqdim olundu (FOTO)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Ağdam və Ağcabədi rayonlarında inşa olunmuş 24 fərdi yaşayış evi müharibə əlilləri və şəhid ailələrinə təqdim olunub. Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası olaraq, ƏƏSMN tərəfindən respublikanın bölgələrində inşa etdirilən fərdi yaşayış evlərindən 10 ədədi Ağdam rayonunda, 14 ədədi isə Ağcabədi rayonunda müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.

Tədbirlərdə ƏƏSMN-nin, adıgedən rayonların İH-nin, əlil ictimai birliklərinin nümayəndələri və yerli sakinlər iştirak ediblər.

Fərdi yaşayış evlərinin müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilməsi zamanı ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev ölkəmizdə müharibə əlilləri və şəhid ailələrinin sosial təminatının daim gücləndirildiyini, onların rifah halının yaxşılaşdırılması yönündə mühüm addımların atıldığını diqqətə çatdırıb.

Həmin insanlara yönələn Prezident təqaüdlərinin mütəmadi olaraq artırıldığı vurğulanaraq, eyni zamanda onların pensiya və ya müavinətlə təmin edildikləri, onlar üçün qanunvericilikdə bir sıra imtiyazların nəzərdə tutulduğu bildirilib.

Dövlət başçısının müvafiq Sərəncamlarına əsasən, son illərdə müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin minik avtomobilləri ilə təminatının sürətləndirilməsi işlərindən bəhs olunub.

Vurğulanıb ki, Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli Sərəncamı 2014-cü il yanvar ayının 1-dək yerli icra hakimiyyəti orqanlarında növbəyə dayanmış 5731 nəfər şəxsin və şəhid ailəsinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsini nəzərdə tutur.

Sərəncamın icrası işlərindən biri kimi, respublikanın müxtəlif bölgələrində 375 fərdi evin tikintisi işləri aparılıb ki, onlardan artıq inşası başa çatmış evlər istifadəyə verilməkdədir. Bu kimi tədbirlər bir daha sübut edir ki, ölkəmizdə makroiqtisadi sabitlik və tərəqqi dinamikası qorunub saxlanmaqla bərabər, sosial proqramların uğurla davam etdirilməsi də təmin olunur.

Yeni fərdi yaşayış evi ilə təmin olunan ailə üzvləri, eləcə də yerli sakinlər ürək sözlərini bildirərək, müharibə əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti