...

Nazirlik: Təhsil haqları dövlət tərəfindən tənzimlənən təhsil haqlarından yüksək müəyyən edilməsin

Cəmiyyət Materials 9 Oktyabr 2015 13:41 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi (TN) ödənişli əsaslarla tələbə qəbulu aparan özəl ali təhsil müəssisələrinə təhsil haqlarının dövlət tərəfindən tənzimlənən təhsil haqlarından yüksək müəyyən edilməməsini tövsiyə edib.
Nazirlik: Təhsil haqları dövlət tərəfindən tənzimlənən təhsil haqlarından yüksək müəyyən edilməsin

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi (TN) ödənişli əsaslarla tələbə qəbulu aparan özəl ali təhsil müəssisələrinə təhsil haqlarının dövlət tərəfindən tənzimlənən təhsil haqlarından yüksək müəyyən edilməməsini tövsiyyə edib.

Trend-in məlumatına görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov bu gün jurnalistlərə bildirib.

C.Bayramov əlavə edib ki, TN ali təhsil müəssisələrinin hər birinə tələbələrin təhsili üçün daha geniş təhsil imkanlar yaratmaqla təhsil haqlarının yüksək olmamasını da tövsiyə edib: "Biz tövsiyyə edirik ki, ödənişli əsaslarla tələbə qəbulu aparan ali təhsil müəssisələri dövlət tərəfindən tənzimlənən təhsil haqlarından yüksək qiymətlər müəyyən etməsinlər. Ancaq biz TN olaraq, bunu yalnız tövsiyyə xarakterli edə bilərik, tələb edə bilmərik".

C.Bayramov qeyd edib ki, 2010-cu ildən etibarən Azərbaycanda universitetlər yeni sistemə-adambaşına maliyyələşdirmə mexanizminə keçməyə başlayıblar: "2014-cü ildə isə həmin proses başa çatıb. Bəzən insanlar səhv olaraq deyirlər ki, ödənişli və ödənişsiz təhsil var. Bu gün ödənişsiz təhsil yoxdur, bütün təhsil ödənişlidir".

Nazir müavini qeyd edib ki, sadəcə olaraq, yüksək nəticələrlə dövlət sifarişli ixtisaslara qəbul olan abituriyentlərin təhsil haqları dövlət tərəfindən ödənilir: "Dövlət tərəfindən ödənilən təhsil haqlarının qiymətləri hökumətin müvafiq qərarına əsasən, ixtisaslardan və ali təhsil müəssisələsindən asılı olaraq, formalaşır. Bu təhsil haqqı xərclərini tələbə, onun ailəsi hiss etmir. Çünki bunu dövlət ödəyir. Digər tələbələrin ödənişli haqlarına gəldikdə, mövcud praktika ondan ibarətdir ki, həmin təhsil haqları ali məktəblərin özləri tərəfindən formalaşdırılır və burada dövlətin hər hansı qiymət tənzimləmə mexanizmi mövcud deyil. Bu təhsil müəssisələrində qiymət tələb və təklif əsasında formalaşır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti