...

Bakıda qanunsuz dövriyyədən 227 kq-dan çox narkotik vasitə çıxarılıb

Cəmiyyət Materials 22 Oktyabr 2015 15:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Bu gün Bakı Şəhər Baş Polis İdarəsində 2015-ci ilin 9 ayının yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

İdarədən Trend-ə verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan Baş İdarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov qeyd edib ki, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən aparılan hüquqi dövlət quruculuğu prosesi 2015-ci ilin 9 ayı ərzində də uğurla davam etdirilib, ölkədə insan hüquq və azadlıqlarının qorunması təmin edilib. Bütün bu uğurların, iqtisadi inkişafın əsasını təşkil edən siyasi sabitiyin qorunmasında, ölkədə cinayətkarlıqla mübarizə və təhlükəsşzliyin təmini sahəsində Daxili İşlər Nazirliyi və onun əsas qurumlarından biri olan Bakı Şəhər BPİ üzərinə qoyulmuş vəzifələri layiqincə yerinə yetirib.

Müşavirə iştirakçılarına 2015-ci ilin 9 ayı ərzində paytaxt polisi tərəfindən cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin mühafizəsi, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması sahəsində görülmüş işlər, həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə geniş məruzə təqdim edilib.

Məruzədə qeyd olunub ki, narkotiklərlə bağlı aşkar edilmiş 1074 (1112) fakt üzrə qanunsuz dövriyyədən 227 kq 156 qram (205 kq 568 qr) narkotik vasitə çıxarılıb.

Paytaxt ərazisində ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 14,2%, həlak olanların sayı 19,2%, xəsarət alanların sayı isə 3,3% azalıb. Baş vermiş 497 (ötən il 579) yol-nəqliyyat hadisəsində 168 (ötən il 208) nəfər həlak olub, 645 (ötən il 667) nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılıb, bu müddətdə qanunsuz keçirilməsinə cəhd göstərilən bütün aksiyaların qarşısı alınıb. Beynəlxalq və respublika əhəmiyyətli çoxsaylı kütləvi tədbirlərdə, habelə yüksək səviyyəli nümayəndə heyətlərinin gəlişi ilə bağlı tədbir və mərasimlər zamanı ictimai asayiş tam təmin olunub. İstintaq işlərinin və təhqiqatın aparılması, vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi, onların ərizə və müraciətlərinə baxılması, habelə Bakının polis orqanlarının fəaliyyət dairəsinə aid digər sahələrdə də müəyyən işlər görülüb, qarşıya qoyulmuş vəzifələr bütövlükdə təmin edilib.

Bakı polisinin bir sıra xidmət və ərazi polis orqanlarının rəisləri məruzə ətrafında çıxış edib, mövcud nöqsan və çatışmazlıqları qısa müddətdə aradan qaldıracaqlarına söz veriblər.

Əməliyyat müşavirəsinə yekun vuran Baş İdarənin rəisi M.Seyidov 2015-ci ilin 9 ayı ərzində paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahələrindəki fəaliyyətini ümumən müsbət qiymətləndirib, müxtəlif hüquqpozmaların, o cümlədən insan hüquq və azadlıqlarının pozulması hallarının əvvəlki illə müqayisədə xeyli azaldığını qeyd edib. O, müşavirə iştirakçılarının diqqətini qarşıda duran bir sıra həlli vacib məsələlərə yönəldib, tapşırıq və tövsiyələrini verib, nöqsanların aradan qaldırılması yollarını göstərib.

Baş İdarənin rəisi daxili işlər nazirini və ölkə rəhbərliyini əmin edib ki, Bakı polisi bundan sonra da cinayətkarlığa qarşı mübarizəni əzmlə davam etdirəcək, əmin-amanlığın, ictimai asayişin təmini istiqamətində qarşıya qoyulan bütün vəzifələri, verilən göstərişləri layiqincə yerinə yetirəcək, paytaxtın sabitliyinin və təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti