Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Perspektiv inkişaf və layihələrin monitorinqi qrupunun rəhbəri, mətbuat katibi Ceyhun Musaoğlu
Noyabrın 9-u Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev proqram xarakterli konseptual çıxış edib. Müasir dünyada baş verən siyasi, iqtisadi, hərbi, mənəvi proseslərin mahiyətini incəliyi ilə alimlərin diqqətinə çatdıran cənab Prezident Azərbaycanın elm adamlarını ölkənin inkişafında yaxından iştirak eməyə çağırıb, onların qarşısına konkret vəzifələr qoyub.
Azərbaycanda alimlərin əməyinə həmişə yüksək qiymət verildiyini xatırladan İlham Əliyev bildirib ki, AMEA ölkəmizin ümumi inkişafında mühüm rol oynayır, alimlər öz elmi araşdırmaları ilə Azərbaycanın inkişaf dinamikasını sürətləndirirlər.
Azərbaycan Prezidenti alimləri konkret sahələr üzrə fəal olmağa, idarəçiliyin müasir elmi əsaslarını hazırlamağa, tətbiq etməyə çağırıb, bunun üçün onlara hər cür şəraitin yaradıldığını, bundan sonra da səmərəli fəaliyyət üçün imkanların genişləndiriləcəyini vurğulayıb.
Ölkə başçısının alimlər qarşısında qaldırdığı məsələləri belə təsnifatlandırmaq olar:
- Dünyada tətbiq edilən ən müasir texnologiyaların Azərbaycana gətirilməsi, tətbiq edilməsi, fəaliyyətin bu texnologiyalar əsasında səmərəli qurulması;
- Ölkədaxili resurslara arxalanaraq, təhlükəsziliyin daha böyük dərəcədə təmin edilməsi, iqtisadi modeldə dövrün tələblərinə uyğun düzəlişlərin aparılması;
- Azərbaycandakı sabitliyin qorunması və daimi olması mexanizmlərinin işlənib hazırlanması;
- İqtisadiyyatda neft və qaz ehtiyatlarından asıllığın minimuma endirilməsi, müvafiq yeni modellərin yaradılması;
- Heç bir dövlətdən asılı olmadan müstəqil siyasətin davam etdirilməsi;
- Əhalinin demoqrafik vəziyyətinin müsbət istiqamətdə dəyişdiyini - ölkə əhalisinin sayının 10 milyon səviyyəsinə çatacağını nəzərə alıb, görüləcək işlərin, infrastruktur layihələrin bu artıma uyğunlaşdırılması;
- Ölkəyə iqtisadiyyatına xarici sərmayənin cəlb olunması;
- Azərbaycanda reallaşan və planlaşdırılan böyük sənaye layihələrinin gələcəkdə qeyri-neft potensialını gücləndirəcəyini nəzərə alıb, yeni texnoparkların yaradılması;
- Əhalinin 50 faizinin aqrar bölgədə yaşadığını nəzərə alaraq, kənd təsərrüfatının inkişafına həm iqtisadi, həm də sosial məsələ kimi baxılması;
- Kənd təsərrüfatı üçün yararlı olan torpaqların suvarılmasına və hansı məhsulların əkilməsinin səmərəli olduğuna elmi cəhətdən yanaşılması;
- Sənaye və kənd təsərrüfatı məhsullarının dünya bazarlarına böyük həcmdə çıxarılmasının elmi-təcrübi yollarının müəyyənləşdirilməsi;
- Kosmik sənayenin yaradılması və inkişaf etdirilməsi istiqamətində beynəlxalq əməkdaşlığın dərinləşməsi, kadr potensialının formalaşması və gücləndirilməsi;
- Ordunun əsas təminatının daxili istehsal hesabına həyata keçirilməsi,
- Neft-qaz yataqlarının işlənməsində yeni üsulların, müasir texnologiyaların tətbiqinə nail olunması;
- Azərbaycan multikulturalizminin tarixi, ənənələri, bugünkü reallıqları haqqında elmi araşdırmalar, faktlara söykənən məntiqli əsaslandırmalar aparılması, dövlət siyasəti əsasında həm Azərbaycan dilində, həm xarici dillərdə daha da böyük elmi əsərlər yaradılması, dünyada cərəyan edən ksenofobiya, diskriminasiya, ayrı-seçkilik, irqçilik kimi ziyanlı düşüncənin qarşısına Azərbaycan multikulturalzminin nümunə kimi çıxarılması;
- Dilimizə edilən xarici müdaxilələrin, kənar ifadələrin işlənməsinin qarşısının alınması, Azərbaycan dilinin zəngin lüğətinin qorunaraq, gələcək nəsillərə əmanət kimi təhvil verilməsinin təmin edilməsi;
- Azərbaycanın zəngin tarixinin dünya miqyasına daha dolğun çıxarılması, ermənilərin torpaqlarımıza köçürüldüyünün, Dağlıq Qarabağla yanaşı İrəvanın da tarixi Azərbaycan torpaqları olduğunun danılmaz faktlar əsasında samballı elmi-tarixi əsərlərlə dünya oxucusuna çatdırılması.
Prezident İlham Əliyev çıxışı zamanı onu da xüsusi olaraq vurğulayıb ki, elmi araşdırmalar sadəcə olaraq araşdırmalar üçün aparılmamalı, ölkə iqtisadiyyatının təhlükəsizlik potensialının güclənməsinə yönəlməlidir.
Bilik Fondu cənab Prezidentin alimlərə ünvanladığı çağırışına dərhal reaksiya verib. Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Fondun Himayəçilik Şurasının üzvü, akademik Kamal Abdullayevin tövsiyəsi ilə keçirilən müşavirədə qərara alınıb ki, Prezident İlham Əliyevin elm adamlarına ünvanladığı tövsiyə və tapşırıqları bəndlər üzrə alimlərlə birgə müzakirəyə çıxarılsın, elm adamlarının ən səmərəli təklifləri ümumləşdirilərək, Bilik Fondunun 2016-cı il fəaliyyət proqramının prioritetini təşkil etsin.
Artıq bu istiqamətdə hazırlıq məzmunlu ilk Dəyirmi masa keçirilib. AMEA-nın prezidenti, Bilik Fondu Himayəçilik Şurasının sədri, akademik Akif Əlizadənin dəstəyi ilə noyabrın 13-ü Fondda gerçəkləşən tədbirdə dilçi və tarixçi alimlərlə yanaşı, hümanitar sahədə təhsil alan tələbələr də iştirak ediblər.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov dəvətini qəbul etdikləri üçün alimlərə minnətdarlığını bildirib. İcraçı direktor Elmlər Akademiyasının Azərbaycan elminin məbədi olduğunu deyib: "Cənab Prezident İlham Əliyev nitqində xatırlatdı ki, 4 il öncə də məhz Elmlər Akademiyasının akt zalında alimlər qarşısında çıxış edib. Həmin görüşdən sonra alimlərin təkliflərinin hamısı ya icra edilib, ya da icra edilməkdədir. Bu xatırlatma ilə Prezident alimlərin fəaliyyətinə yüksək dərəcədə önəm verdiyini qeyd etdi. Prezidentin Milli Elmlər Akademiyasının 70 illik yubileyində alimlər qarşısında qaldırdığı məsələləri Bilik Fondu sahələr üzrə təsnifatlandırıb. Biz ilk olaraq hümanitar sahəyə məsul olan alimləri dəvət etmişik. Dilimizin saflığı, tariximizin obyektiv yazılması və təbliğı məhz Siz alimlərin prosesdə bir başa iştirakından keçir. Bugünki müzakirələrin nəticəsi olaraq, hümanitar sahədə araşdırmalar aparan alimlərdən təkliflər alacağıq. Cənab Prezidentin hümanitar elmlərin inkişafına yönələn tapşırıqlarını birlikdə yerinə yetirməyə çalışacağıq. Növbəti tədbirlərimiz cənab Prezidentin başqa sahələrlə bağlı verdiyi tapşırıqların səmərəli həlli yolarının müəyyənləşdirilməsi ətrafında olacaq. İnanırıq ki, alimlərimizin fəaliyyəti nəticəsində böyük işlər görəcəyik".
Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev Prezident İlham Əliyevin alimlər qarşısında qaldırdığı məsələlərin hüquqi aspektlərindən danışdı, ölkə başçısının tapşırıqlarının layiqincə yerinə yetiriləcəyi təqdirdə, Azərbaycanın iqtisadiyyatını ən ağır böhrandan belə, itkisiz çıxacağına, cəmiyyətin daha böyük nəaliyyətlər əldə edəcəyinə əminliyini vurğuladı.
Bilik Fondunun mətbuat katibi görüşdə çoxluq təşkil edən dilçi alimlərin diqqətini bir sıra Azərbaycan sözlərinin leksikonumuzdan sürətlə yoxa çıxması hallarına yönəltdi. O, belə acınacaqlı duruma əsas nitq hissəsi olan fellərin məruz qaldığını bildirdi: "Hansısa qara əl fellərə "türkün məsəli" damğası vuraraq, onları təfəkürümüzdə etikadan kənar ifadəyə çevirib və dilimizdən çıxarıb. Bu, çox böyük zərbədir. Dilçi alimlərdən dilimizn kasadlaşmasının qarşısını almağa yönəlik təkliflər gözləyirik. Məhz cənab Prezident də bunu istəyir - dilimizə yad kəlmələrin daxil olmasının qarşısını alaq".
Dəyirmi masada AMEA-nın Diliçilik İnstitutunun əməkdaşları maraqlı təkliflər səsləndirdilər.
Türk dilləri şöbəsinin müdiri Məhəbbət Mirzəliyeva dil bilgilərinin öyrənilməsinə uşaq bağçalarından başlamağın vacibliyinə diqqət çəkdi: "Bizim bir çox layihəmiz var ki, hələ də həyata keçiriləcəyi günü gözləyir. "Azərbaycan dili bağçadan məktəbə", "Xaricilərə Azərbaycan dilinin öyrədilməsi kursu və Beynəlxalq Azərbaycan dili İmtahan Sistemi(BADİS)" layihələrini hazırlamışıq. İstərdik ki, bu layihələr Bilik Fondunun köməkliyi ilə həyata keçimiş olsun. Alimlər fəaliyyətləri ilə Azərbaycan dilinə hörmət qazandırmalıdırlar. Bizdə dili ancaq ədəbiyyat yaradır. Elə buna görə də texnika ilə bağlı termonologoya dilimizdə inkişaf etmədi. Dili məcburən yönləndirmək olmaz. Dil özü-özünü yaratmalıdır".
Prezident İlham Əliyevin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair" Sərəncamını xatırladan Dilçilik İnstitutunun böyük elmi işçisi Gülrux Həsənova əsasən də biznes strukturlarında ədəbi dil normalarına əməl olunmadığından gileyləndi: "Reklamlarda, ictimai iaşə obyektlərində Azərbaycan dilinin leksik və qrammatik normalarının pozulmasının qarşısını almaq üçün tək dilçilər yox, yerli icra nümayəndələri də aktiv iştirak etməlidirlər. Təkcə Bakı şəhərində əcnəbi adlar daşıyan bir çox dükan və restoran adlarına rast gəlmək olar ki, bu da qarşısı alınmadıqca, təəssüf ki, genişmiqyaslı xarakter alır. Mənim fikrimcə, bu problemi ancaq bir yolla - inzibati cəza yolu ilə həll etmək mümkündür. Əgər sahibkar hər hansı bir şəkildə cəzalanarsa, daha bu yanlışlığa yol verməz və digərlərinə örnək olar".
Dilçilik İnstitutunun əməkdaşı Şəkər Orucova dilin təqdmatında mətbuatın rolundan danışdı: "Mış, -mış, -muş, -müş şəkilçisi nəqli keçmiş zamanın normativ şəkilçisidir. Dilimizdə nəqli keçmiş zamanın ifadəsi üçün bu şəkilçi ilə yanaşı -ıb, -ib, -ub, -üb şəkilçisi də işlənir. Əvvəlki qrammatika kitablarında və məktəb dərsliklərində bu şəkilçi nisbi keçmiş zaman şəkilçisi adı altında tədris olunurdu. Bu şəkilçi canlı danışıq dili üçün daha çox səciyyəvidir, sadə danışıq dilində daha çox işlənir. Lakin son zamanlar mətbuat səhifələrində, xəbərlərdə nədənsə nəqli keçmiş zamanın mış, -mış, -muş, -müş forması işlənmir, onun yerinə daha çox bu zamanın -ıb, -ib, -ub, -üb formasından istifadə olunur ki, bu da Azərbaycan ədəbi dilinin normalarının pozulması deməkdir".
Filologiya üzrə fəlsəfə doktoru Cahid İsmayıloğlu konkret təklif səsləndirdi. Dilçi alim qeyd etdi ki, Azərbaycan dilinin və dilçilik elminin inkişafına dəstək olmaq məqsədi ilə "Azərbaycan dilinin öyrənilməsi və təbliği sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi işi" adlı layihə hazırlayıb: "Dilçi alimlərin müasir informasiya və kommunikasiya texnologiyalarının yaradılmasında iştirakını təmin etmək qarşıya qoyulan əsas məqsəddir. Layihə əsasında hazırlanacaq portal "Azərbaycan dilinin və dilçilik elminin elektron qaynağı" funksiyasını daşıyacaq. Buna bir növ "Elektron dilçilik kitabxanası" da demək olar. Axtarış və innovativ imkanlar (elektron lüğət, canlı proqram təminatları, ətraflı axtarış) portala elektron kitabxadan daha üstün imkanlar verəcək. Layihənin bir üstünlüyü də portalın dünyanın istənilən nöqtəsindən Azərbaycan dili və dilçilik elmi ilə maraqlananlar üçün əlçatan olmasının təmin edilməsidir".
Dəyirmi masanın yekunu olaraq, qərara alındı ki, AMEA-nın dilçi və tarixçi alimləri təkliflərini konkretləşdirərək, Bilik Fonduna ünvanlasınlar.
Bilik Fondu bu səpkili Dəyirmi masalarını davam etdirir. Dövlət müşaviri Kamal Abdullayevin təklifi ilə Bilik Fondu Prezidentin irəli sürdüyü tələblər əsasında formalaşdırdığı mövzuların müzakirələrini bundan sonra AMEA-nın Mərkəzi Kitabxanasında keçirəcək.
Onu da xatırladaq ki, Bilik Fondunun bu sahədə təcrübəsi var. Hələ 2014-cü ilin dekabr ayında "Kitabi Dədə Qorqud" dastanının dünyaya tanıdılmasının 200 illiyi ilə bağlı tədbirlər planının hazırlanması məqsədi ilə beynəlxalq kollekvium təşkil edərək, yerli və xarici türkoloqların təkliflərindən ibarət yekun proqram hazırladıq. Prezident İlham Əliyevin ""Kitabi Dədə Qorqud"un alman dilində ilk tərcüməsinin və nəşrinin qeyd edilməsi" haqqında Sərəncamından sonra azərbaycanlının mənəviyyat kitabının geniş təbliğatına başladıq.
Sonda İlham Əliyevin alimlər qarşısında səsləndirdiyi dəyərli fikirlərindən birini təkrarlayaq: "Bizim iqtisadi uğurlarımız və iqtisadi müstəqilliyimiz dövlət müstəqilliyimizin əsasıdır. Başqa ölkələrdən asılı vəziyyətdə olsaydıq, müstəqil siyasət yürüdə bilməzdik. Bizim gücümüz məhz bundadır".
Təkcə təkrarlamayaq, həm də düşüncəmizə həkk etdirək və fəaliyyətimizdə rəhbər tutaq.
Yazı "525-ci qəzet"in bugünki sayında dərc olunub.