Bakı. Trend:
Notyabrın 19-da Azərbaycanın Batumidəki baş konsulu Rəşad İsmayılovun Şota Rustaveli adına Batumi Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Merab Xalvaşi ilə görüşü keçirilib.
Trend-in məlumatına görə, M.Xalvaşinin səmimi salamlama və qarşılamasından sonra Gürcüstanla Azərbaycan arasında mövcud olan tarixi əlaqələrdən söz açaraq yaxın qonşuluq və möhkəm dostluq şəraitində yaşadıqları vurğulanıb.
Xalqlarımızın tarixin müxtəlif dövrlərində eyni dövlətlərin tərkibində olması, oxşar talelər yaşaması və mədəni dəyərlərdə də ortaqlıq yaradılması qeyd edilib. Qafqazın ən qədim xalqları olan azərbaycanlılar və gürcülərin bütün tarix boyu həmişə bir yerdə olması, öz etnik xüsusiyyətlərini və milli ənənələrini qoruyub saxlanılması bildirilib. İki ölkə arasında əlaqələrin çoxtərəfli vacibliyindən söz edərək söylənilib ki, bu qardaşlıq və əməkdaşlıq gündən-günə genişlənməkdədir və bununla, ziyalıların, elm və təhsil işçilərinin əməkdaşlığına mühüm əhəmiyyət verilir.
Rektor Universitetlə diplomatik qurum arasında sıx əlaqələr qurulduğundan söz edərək, hər il həmin təhsil ocağında Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümləri ilə bağlı təntənəli tədbirlərin keçirildiyini bildirib. Bununla yanaşı, universitetdə keçirilmiş silsilə tətbirlərdən də söz açıb. Həmçinin, Batumi Dövlət Universitetində "Acarıstan-Naxçıvan Muxtar Respublikası" dostluq auditoriyasının dərinləşən dostluğumuzun və təhsil əlaqələrimizin gözəl nümunəsi olduğu qeyd edilərək, gələcəkdə universitet nəzdində Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzi və ya auditoriyasının yaradılması, iki ölkə arasında elm, təhsil, mədəniyyət, humanitar və digər əlaqələrə dair konfrans və sərgilərin keçirilməsi, universitetin Türkşünaslıq bölməsinin tələbələri üçün Azərbaycanın ədəbiyyatı, tarixi və mədəniyyəti ilə daha yaxından tanış olmağı baxımından mühazirələrin oxunması və Azərbaycan dilinin tədrisi üzrə "Bazar günü" məktəblərinin açılması məsələlərinə toxunulub.
Görüşün sonunda baş konsul Azərbaycan və Gürcüstan arasında mövcud olan sıx əməkdaşlıq əlaqələrinə əsaslanaraq, bundan sonra da universitetlə diplomatik qurum arasında bu münasibətlərin daha da geniş şəkildə inkişaf edəcəyindən ümidvar olduğunu bildirib.