Bakı. İlhamə İsabalayeva-Trend:
Azərbaycanda muzeylərin fəaliyyəti daha müasir şəkildə təşkil edilməli, onların arasında təkmilləşdirmələr aparılmalıdır.
Trend-in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir qeyd edib ki, Azərbaycanda muzeylərin fəaliyyətlərində irəliləyişlər olsa da, nöqsanlar da çoxdur: "Buna görə də muzeylərin işini daha təkmilləşmiş formada və bir əsasnaməyə uyğun formada qurmalıyıq. Bunlar sırf muzeyin peşəkar fəaliyyətinə aid olan məsələlərdir".
Ə.Qarayevin sözlərinə görə, Azərbaycan Dövlət Xalça Muzeyində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən də aparılan monitorinqlər orada müəyyən nöqsanların olduğunu təsdiqlədi: "Xalça Muzeyinin Azərbaycanın bugünki mədəni həyatındakı rolunu da azaltmaq olmaz. Bu, qabaqçıl muzeydir, onun rəhbəri Röya Tağıyeva tanınmış muzey xadimidir. Lakin işdə nöqsan olanda onu açıq deməli və qarşısını almalıyıq. Lazım gəldikdə töhmət də verməliyik, ölçü də götürməliyik. Bu, normal bir prosesdir. Ona görə də burada heç bir sensasiya axtarmaq fikrində deyiləm. Yoxlamalar göstərdi ki, burada vəziyyətin yaxşı tərəfə də dəyişdiyi müşahidə edilib. Eyni zamanda, problemlər var və biz onları aradan qaldırmalıyıq. Yəqin ki, yaxın günlərdə bununla bağlı son qərar veriləcək".