Bakı. Samir Məmmədov - Trend:
"Xilasetmə qayıqlarımız təhlükəsizdir".
SOCAR neftçilərlə dolu xilasetmə qayığının sınması məsələsinə aydınlıq gətirib.
Trend-in məlumatına görə, SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov Mərkəzi Neftçilər Xəstəxanasında "Günəşli" yatağında baş vermiş yanğın zamanı xəsarət almış neftçiləri ziyarət edərkən təhlükəsizlik tədbirlərinin düzgün qurulmaması ilə bağlı fikirlərə münasibət bidirib: "Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Komissiyası yaradılıb və komissiya hər şeyi araşıdıracaq. Təhlükəsizlik tədbirləri ilə bağlı hansısa səhfin olması barədə məndə məlumat yoxdur. Qəza zamanı təxliyyə planına və təhlükəsilik qaydalarına uyğun hərəkət ediblər. Sadəcə küləyin sürəti o qədər böyük olub ki, qayığı zərblə platformaya çırpıb sındırıb".
X.Məmmədov qayıqların təhlükəsiz olmasını da qeyd edib: "Hər biri 42 adam tutumlu Cənubi Koreya istehsalı olan qayıqlar ən müasir standartlara cavab verir. Platformada 4 qayıq olub, qayıqların hər birində bir həftəlik su və azuqə olur. Bu qayıqlar çox təhlükəsizdir. Suya düşən zaman heç vaxt çevrilə bilməz, yumurtavari formadadır. Amma təəssuflər olsun ki, həmin qayıq dəmir dirəklərə cırpılaraq sınıb. Əgər sınmadan salamat suya düşsə, heç kəs xəsarət almazdı".
İtkin düşən neftçilərin salamt tapılması ehtimallarına isə X.Məmmədov ümidli olduqlarını bilidirb: "Allahın möcüzələri çoxdur".