...

Sərnişin avtobusu: "Məni yu"

Cəmiyyət Materials 2 Yanvar 2016 13:12 (UTC +04:00)
Adətən şəxsi minik maşınlarında gördüyümüz “məni yu” ifadəsi Bakının ictimai nəqliyyatında sərnişin daşıyan avtobuslar üçün daha çox keçərlidir. Sərnişin avtobusları nəinki xaricdən, hətta daxildən də su üzünə həsrət qalıb.
Sərnişin avtobusu: "Məni yu"

Məftun Salmanov - Trend:

Adətən şəxsi minik maşınlarında gördüyümüz "məni yu" ifadəsi Bakının ictimai nəqliyyatında sərnişin daşıyan avtobuslar üçün daha çox keçərlidir. Sərnişin avtobusları nəinki xaricdən, hətta daxildən də su üzünə həsrət qalıb.

Avtobus su ilə yuyulmaq baxımından xaricdən insan və Allahın, daxildən isə təkcə insanın ümidinə qalıb. Təbiət arabir göydən yağış səpələyərək bu nəqliyyat vasitələrini yuduğu halda, insanın ümidinə qalan hissə isə pis münasibət görür.

Kir və pasın içində olan sərnişin avtobuslarımız bu yaxınlarda xəbəri yayılan 60 il yuyunmayan iranlı qocanı xatırladır. Bəlkə də avtobusları ölkəmizə gətirən şirkətlər onları su üzünə həsrət qoymaqla özünəməxsus sınaq testindən keçirir, kim bilir?

Bəlkə də şirkətlər suya qənaət etməklə Afrikada su üzünə həsrət qalan insanlarla həmrəylik nümayiş etdirirlər. Yəqin, sahibkarlar öz aləmlərində fikirləşirlər ki, qara qardaş və bacılarımızın su tapmadığı bir vaxtda mən niyə Afrikada qızıl dəyərində olan maye ilə hər hansı çirkli avtobusu yuyum?

Amma bu eksperimentin uğurlu alındığını söyləmək olmaz. Bizi mənzil başına sağ-salamat çatdırmalı olan bu avtobuslar elmə məlum olan və olmayan müxtəlif zərərli bakteriya, virus, mikro və makroorqanizmlərin çoxalıb artdığı münbit məkana çevrilib.

Biz ünvana salamat çatsaq da, sadalanan gözlə görünməyən canlılar bizim orqanizmə düşməklə sonradan müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Avtobusları Bakıya gətirənlər bu faktı da nəzərə almalıdır. Salamatçılıq təkcə xaricdən deyil, həm də daxildən olmalıdır.

Görənlər bilir, görməyənlər üçün: Sərnişin avtobuslarının oturacaqları elə acınacaqlı vəziyyətdədir ki, sanki ora atom bombası atılıb. Oturacaqların üz və arxa hissələrinə kəsici və deşici alətlərlə xətər yetirilib. Onlardan kirlilik, çirklilik, eybəcərlik, üfunət iyi və buna bənzər bir çox ürəkbulandırıcı şeylər yağır. Amma onların üzərinə su yağmır ki, yağmır.

Belə bir yerə "odnoraziviy" əlcəklər və ağzın üstünü örtməklə daxil olmaq ən salamatıdır. Bu həm də həmin sərnişin avtobuslarının ruhuna uyğun gəlir. Təsvir edilən oturacaqlarda oturmaq məsləhət görülmür. Paltarlarınız vasitəsilə evdəkilərə və digərlərinə bakteriyalar "hədiyyə" etmiş olarsınız.

Amma səyyar bakteriya avtobuslarının "müsbət" tərəfləri də ola bilər. Əvvəla, bura Azərbacan Milli Elmlər Akademiyasının gənc alimləri üçün tədqiqat obyektinə və səyyar laboratoriyasına çevrilə bilər. Kim bilir, gənc alimlərimizdən biri burada elmə məlum olmayan bakteriya növü taparaq dünya tibb aləmində səs salacaq, yaxud daha da uzağa gedərək "Nobel" mükafatına layiq görüləcək. Bilmək olmaz.

Digər müsbət cəhət isə "Safeguard" və "Protex" kimi bakteriya əleyhinə məhsullar satan şirkətlərin nümayəndələrinin həmin avtobuslarda ekskursiya aparması imkanıdır. Onlar burada əyani şəkildə yeni bakteriya növlərini aşkar edərək məhsullarının bakteriya davamlılığını daha da artıra bilərlər. Bu, həmin şirkətlərin ölkəmizə investisiya yatırması və öz müəssisələrini açması ilə nəticələnə bilər.

Deyəsən, həmin sərnişin avtobusları Bakıya gətirən sahibkarların "uzaqgörən" siyasəti məhz buna hesablanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti