Bakı. Trend:
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət qəddarlığına görə analoqu olmayan hadisələrdəndir. Azərbaycana qarşı təcavüzkar siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımı erməni ekstremistlərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun illər davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir.
Bu fikirlər Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Elmira Süleymanovanın Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar bəyanatında qeyd olunur.
Bəyanatda qeyd olunur ki, Xocalı soyqırımı zamanı adları bəlli olan 613 nəfərin, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qocanın həyatına son qoyulmuş, 1000-dən çox dinc sakin ağır yaralanaraq əlil olmuş, 1275 nəfər girov götürülmüş, onların 150-sinin taleyi indiyədək məlum deyildir. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilmiş, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilmiş, əsir və girov götürülənlərə amansız işgəncələr verilmişdir. Bu zaman soydaşlarımızın əsas insan hüquqları, ən başlıcası isə təməl hüquq olan yaşamaq hüququ kütləvi şəkildə pozulmuşdur.
Erməni qəsbkarları tərəfindən törədilən bu kütləvi insan qırğını ağlasığmaz qəddarlığı və işgəncələri ilə birmənalı olaraq, genosid faktıdır. Belə ki, beynəlxalq hüquqa əsasən genosid ən ağır cinayətlərdəndir, genosidin hüquqi əsası bir sıra sənədlərdə öz əksini tapmışdır. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində qeyd olunur ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dəyərlərdən məhrum edir, BMT-nin məqsəd və vəzifələrinə, ümumbəşəri dəyərlərə tamamilə ziddir və sivil dünya tərəfindən pislənir.
Genosid cinayətinin əlamətləri BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş, "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada müəyyən edilmişdir. Xocalı soyqırımı zamanı baş vermiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların kütləvi şəkildə, məhv edilməsi niyyəti ilə törədilməsi onun genosid aktı olduğunu sübut edir. Azərbaycana qarşı təcavüz zamanı adı çəkilən Konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil edən bütün əməllər tətbiq olunmuşdur.
Lakin təəssüf ki, Azərbaycanda dinc əhaliyə qarşı belə dəhşətli soyqırımı aktları həyata keçirilməsinə baxmayaraq, bu faktlar, o cümlədən Xocalı soyqırımı beynəlxalq aləmdə hələ də öz lazımi qiymətini almamış, bu hadisəni planlaşdıranlar, təşkil edənlər və törədənlər məsuliyyətə cəlb edilməmiş, layiqli cəzalarını almamış və bu istiqamətdə hər hansı bir tədbir görülməmişdir.
İşğal edilmiş Dağlıq Qarabağ və yeddi ətraf rayon Azərbaycan ərazisinin ayrılmaz tərkib hissəsidir. Bunu beynəlxalq hüquq, o cümlədən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli məlum 822, 853, 874 və 884 saylı Qətnamələri, BMT Baş Məclisinin "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı 14 mart 2008-ci il tarixli Qətnaməsi, AŞPA-nın Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı qüvvələr tərəfindən idarə olunmasını təsdiq edən 2005-ci il tarixli 1416 saylı qətnaməsi və 1690 saylı tövsiyəsi bir daha sübut edir. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşərək əsas hüquqları kobudcasına pozulmuşdur.
Ermənistan Avropa Şurasına üzv qəbul olunarkən Parlament Assambleyasının 221 saylı Rəyi əsasında öz üzərinə bir sıra öhdəliklər götürmüşdür. Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə Ermənistan öz üzərinə münaqişəni yalnız dinc yollarla nizamlamaq üçün səyləri davam etdirmək, beynəlxalq və yerli mübahisələri, qonşulara qarşı güc tətbiqi ilə hər hansı hədələməyə yol vermədən, dinc vasitələrlə və beynəlxalq hüququn prinsipləri əsasında həll etmək öhdəliyini götürmüşdür. Lakin erməni tərəfi qeyri-konstruktiv mövqe nümayiş etdirərək, bu öhdəliklərə əməl etmir, regionda sülhün bərqərar olmasına maneçilik törədir, atəşkəs rejimini mütəmadi olaraq pozur.
Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı 23 oktyabr 2013-cü il tarixli qətnaməsi də beynəlxalq birliyin ölkəmizin haqlı mövqeyini dəstəkləməsini və işğal faktını tanımasını təsdiqləyir. Həmin sənəddə bir daha Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinin vacibliyi qeyd olunmuş və işğalçı qüvvələrin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılması tələb edilmişdir. Təəssüf ki, bununla bağlı da heç bir tədbir görülməyib və Azərbaycanın zəbt olunmuş əzəli torpaqları hələ də işğal altında saxlanılır.
Ümummilli liderimiz Heydər Əliyev Xocalı soyqırımının əsl mahiyyətini açıqlamış, hələ 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət vermişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmasının, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini daim qətiyyətlə vurğulayır.
Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalı faciəsi ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması qarşımızda duran mühüm vəzifələrdəndir. İştirak etdiyimiz çoxsaylı beynəlxalq konfranslardakı və digər tədbirlərdəki çıxışlarımızda xalqımızın məruz qaldığı soyqırımları, terror hadisələri, habelə Xocalı soyqırımı barədə ətraflı məlumatlar verilmiş, bununla bağlı bəyanatlarımız nüfuzlu beynəlxalq təşkilatlara və müxtəlif ölkələrin ombudsmanlarına ünvanlanmışdır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada tanıdılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən biridir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müvafiq Sərəncamı ilə "Xocalı soyqırımının iyirmi dördüncü ildönümünün keçirilməsinə dair tədbirlər planı" təsdiq edilmiş və bu istiqamətdə müvafiq işlər görülməkdədir.
Son vaxtlar bütün dünyada haqlı tələblərimizə dəstəkdə müəyyən canlanma müşahidə olunur, Xocalıda törədilmiş qanlı qətliam beynəlxalq hüquq normalarına uyğun olaraq qiymətləndirilir.
Artıq Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Hondurasın, Qvatemala və Panamanın parlamentləri də Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisindən tanımışlar.
Bir müddət əvvəl Sloveniya Respublikasının Milli Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar qəbul etmişdir. Qərarda Milli Şura Sloveniya Respublikasının Hökumətinə bu münaqişənin sülh yolu ilə nizamlanmasına yönəlik səylər çərçivəsində BMT-nin münaqişə ilə bağlı müvafiq qətnamələrini dəstəkləməyi təklif etmişdir. Həmin sənəddə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilmiş soyqırımın bəşəriyyətə qarşı cinayət olduğu vurğulanmışdır.
Habelə ABŞ-ın Massaçusets, Texas, Nyu-Cersi, Meyn, Nyu-Meksika, Arkanzas, Corciya, Oklahoma, Tennesi, Pensilvaniya, Konnektikut, Florida, Missisipi, Vest Virciniya, İndiana, Yuta, Nebraska, Havay, Montana və Arizona ştatlarının qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunmuş, Xocalıda soyqırımını törədənlərin məsuliyyətə cəlb olunması tələb edilmişdir.
İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyan ilk beynəlxalq təşkilatdır. Bu təşkilatın Gənclər Forumunun dünyanın 40-dan çox ölkəsində həyata keçirdiyi "Xocalıya ədalət!" kampaniyasının məramı da beynəlxalq ictimaiyyəti bu qanlı hadisə ilə bağlı ətraflı məlumatlandırmaqdır.
Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməməsi qəzəb və təəssüf hissi doğurur.
İkili standartlara yol vermədən, beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq, bu hadisə xüsusi beynəlxalq komissiya tərəfindən araşdırılmalı, səlahiyyətli beynəlxalq qurumlar tərəfindən genosid aktı kimi tanınmalı, cinayət törədənlərə qarşı sanksiyalar tətbiq edilməlidir. Nüfuzlu beynəlxalq qurumları birmənalı mövqe nümayiş etdirərək, bir daha bu soyqırımını pisləməyə, onu törədənlərin ədalətli cəzalarını tezliklə alması üçün səyləri artırmağa çağırıram.
Bir daha bəyan edirik ki, Ermənistan münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin qərarlarını yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, azərbaycanlı əsir və girovlar azad edilməli, qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları bərpa olunmalı, onlar öz doğma yurdlarına qayıtmalı, habelə günahsız, dinc insanları məhv edən cinayətkarlar tezliklə ədalət məhkəməsi qarşısında cavab verməli və cəzalandırılmalıdır.
Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanmışdır.