...

Bilik Fondu İsmayıllı İcra Hakimiyyəti ilə birgə konfrans keçirdi

Cəmiyyət Materials 18 Mart 2016 16:34 (UTC +04:00)
Martın 17-də Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və İsmayıllı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Dövlət-din münasibətləri, tolerantlıq və multikulturalizm Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir" mövzusunda elmi konfrans keçirilib.
Bilik Fondu İsmayıllı İcra Hakimiyyəti ilə birgə konfrans keçirdi

Bakı. Trend:

Martın 17-də Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və İsmayıllı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Dövlət-din münasibətləri, tolerantlıq və multikulturalizm Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir" mövzusunda elmi konfrans keçirilib.

Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, İsmayıllı rayon Heydər Əliyev Mərkəzində keçirilən elmi konfransı giriş sözü ilə İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açaraq bildirib ki, milli-mənəvi dəyərlər arasında din amili mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu konfrans iştirakçılarının diqqətinə çatdıran icra başçısı, cənab Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini vurğulayıb. M.Sadıqov xüsusi olaraq qeyd edib ki, ölkəmizdə dini dözümlülük, tolerantlıq, multikulturalizm dövlət siaysətinin başlıca amillərindən biridir və buna sübut olaraq Azərbaycanda iki mindən artıq məscidin fəaliyyət göstərdiyini, 2009-cu ildə Bakının İslam mədəniyyəti paytaxtı seçildiyini, 2017-ci ildə keçiriləcək IV Islam Həmrəyliyi Oyunlarını, ümumiyyətlə respublikamızın İslam dini ilə bağlı mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini göstərmək mümkündür.

Konfransın təşkilatçılarından biri olan Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev təmsil etdiyi qurumun dini dəyərlərin təbliğatı istiqamətində həyata keçirdiyi layihələr barədə geniş məlumat verib. Azərbaycan qanunvericiliyində dini dözümlülüyü, vicdan azadlığını, din-dövlət münasibətlərini özündə əks etdirən konstitusion əsaslardan danışan İ.Vəliyev bütün sahələrdə olduğu kimi, bu istiqamətdə də vətəndaşlara tolerant mühit yaradıldığını vurğulayıb. Aparat rəhbəri Bilik Fondunun regional layihələrinə İsmayıllı İcra Hakimiyyətinin və yerli orqanların daim böyük dəstək verdiklətrini xatırladaraq, icra başçısına və rayon ictimaiyyətinə təşəkkürünü bildirib.

Elmi konfransda icra hakimiyyətinin məsul şəxsləri, rayonda yaşayan müxtəlif xalqların təmsilçiləri, yerli ziyalılar, din icma sədrləri, çıxış ediblər. İcra başçısının müavini Rövşən Ağayev sədri olduğu komissiyanın fəaliyyəti barədə məlumat verib. Şöbə müdiri Murad Məhərrəmov "Dini qurumlarla işin müasir aspektləri, peşəkar təşkili, tolerantlıq və multikulturalizm dəyərlərinin qorunması", veteran Valeh Salehov "Dini mərasimlərin icrasının sadələşdirilməsi", İvanovka kənd tam orta məktəbinin direktor müavini Nadejda Jabiniya "Azərbaycandakı multikulturalizm mühiti bütün dünyaya örnəkdir", Sumağallı kənd tam orta məktəbinin tarix müəllimi Rza Salahov "İsmayıllı tolerantlıq və multikulturalizm məkanıdır", İsmayıllı şəhər Cümə məscidinin dini icma sədri Vasif Teymurov "Azərbaycanda islam: tarixçilik və müasirlik", Topçu dini icmasınn sədri Rəşid Məmmədov "Radikal dini cərəyanlar və qeyri-ənənəvi dini təriqətlərə qarşı mübarizədə dini icmaların rolu" mövzularında maraqlı fikirlər səsləndiriblər.

Konfransda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin əməkdaşı Sərraf Hüseynov Dövlət müşaviri, akademik Kamal Abdullayevin ideya müəllifliyi və elmi redaktorluğu ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən tərtib və nəşr olunan "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabını rayon ictimaiyyəti nümayəndələrinə təqdim edib.

S.Hüseynov bildirib ki, Kitab "Azərbaycan multikulturalizminin qaynaqları" seriyasından birinci nəşrdir. Bu seriyadan "Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları" adlı ikinci kitab, "Azərbaycan multikulturalizminin siyasi və hüquqi qaynaqları" adlı üçüncü kitab çapa hazırlanır. Kitab Prezident İlham Əliyevin 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi haqqında imzaladığı Sərəncama uyğun olaraq nəşr edilib.

Kitabda müxtəlif dövrlərə aid folklor və yazılı ədəbiyyat nümunələrinin əks olunduğunu deyən S.Hüseynov vurğulayıb ki, bu mətinlər multikulturalizmin, birgəyaşayış mədəniyyətinin özgəsinə özün qədər hörmət etmək bacarığının azərbaycanlının həyat tərzi, düşüncə forması olduğunu göstərir.

Konfransdan sonra Bilik Fondu nümayəndələri regional Bilik evinin fəaliyyəti üçün İsmayıllı İcra Hakimiyyəti tərəfindən təklif edilən məkanla tanış olublar. İlkin razılşmaya görə, İsmayıllıda açılacaq Regional Bilik evində Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Yaradıcılıq Fondu fəaliyyət göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti