...

Borc müqaviləsi necə bağlanmalı?

Cəmiyyət Materials 31 Mart 2016 16:13 (UTC +04:00)
Borc – qaytarılmaq şərti ilə birindən alınan, ya birinə verilən pul və s. alacaq və verəcəklərə deyilir.
Borc müqaviləsi necə bağlanmalı?

Bakı. Trend:

Əvvəlcə borcun nə demək olduğuna nəzər salaq. Borc - qaytarılmaq şərti ilə birindən alınan, ya birinə verilən pul və s. alacaq və verəcəklərə deyilir. Borc alıb vermək təbii hadisədir. Müəyyən ehtiyacları təmin etmək və ya sərmayə qoymaq məqsədilə borca girməkdə bir qəbahət yoxdur. Borcvermək - ətrafımızda olan insanlara münasibətdə rəhimli və diqqətli olmaq deməkdir. Peyğəmbərimiz də ehtiyacı olanda borc almış, hətta bir yəhudidən borca buğda alıb zirehini girov qoymuşdur.

Bununla birlikdə, belə bir atalar sözü də var: "Şərti şumda kəsək ki, xırmanda yabalaşmayaq". Yəni, əvvəlcədən pul haqq-hesabları şərtləşdirilməli və kağız üzərində qeyd edilərək, tərəflərin imzaları ilə təsdiq edilməlidir.

Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Borc müqaviləsi həm şifahi, həm də yazılı bağlanıla bilər. Borc müqaviləsinin sadə yazılı formada bir kağız parçasında qeyd olunaraq, borc alan və borc verən tərəfindən imzalanması yetərlidir ki, bu razılaşma hüquqi qüvvəyə sahib olsun və gələcəkdə mübahisələndirmək imkanı yaratsın. Əlbəttə ki, müqavilənin notarial qaydada təsdiq edilməsi daha arzuolunandır. Onu da qeyd edək ki, gələcəkdə "müqavilə bağlanılmış, lakin müqavilə ilə razılaşdırılan məbləğ mənə - borc alana təqdim edilməmiş və bu haqda aramızda hər hansı bir akt imzalanmamışdır" kimi hallarla qarşılaşmamaq üçün razılaşmada həmçinin pulun borc alana təqdim edildiyi mütləq qeyd edilməli və ya borcun məbləği dəqiq rəqəmlə göstərilməklə əlavə bir aktla təsdiq edilərək qarşı tərəfə təqdim edilməlidir.

Şifahi şəkildə razılaşdırılaraq, kağız formada təsdiq edilməyən borclar bir çox hallarda münasibətlərin korlanması, borc verənin mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir.
Yalnız artıq vaxtı ötmüş pul öhdəliyini yerinə yetirməyən borc alan pulu ödəməkdən ümumiyyətlə imtina etdikdə, borc verənin yadına hər hansı hüquqşünasla məsləhətləşmək düşür. Və məlum olur ki, borc verənin pulu verməsini təsdiq edən hər hansı sənəd mövcud olmadığından mülki qaydada, yəni məhkəmə vasitəsilə öz hüquqlarının müdafiəsi mümkün olmayacaqdır. Belə olan halda, şahid ifadəsi faktı tam olaraq təsdiq etməsə də, müəyyən qədər kömək etmiş olacaq.

Mülki Məcəllədə borcla bağlı şifahi əqdlərdə şahidin iştirakının məcburi olduğu qeyd edilməmişdir. Lakin heç bir kağızda qeyd etmədən, borc alan tərəfindən imza olunmadan borc verdikdə, şahid iştirakı gələcəkdə borcun verilməsini sübut edə bilər.
Borc verərkən və ya borc alarkən aşağıda qeyd olunanları yadda saxlamalı və tətbiq etməlisiniz.

Borc müqaviləsində nələr qeyd olunmalıdır?

Borc pulun verilməsi ilə bağlı yazılı razılaşmalarda aşağıdakılar mütləq şəkildə qeyd edilməlidir ki, razılaşma etibarlı hesab edilsin və gələcəkdə ödənişin gecikdirildiyi və ya tamamilə ödənilmədiyi halda, pul vəsaitinin hüquqi müstəvidə geri alınması mümkün olmuş olsun:
- müqavilənin tarixi;
- müqavilənin tərəfləri, yəni borc alan və borc verənin adı soyadı atasının adı (şəxsiyyət vəsiqəsi üzrə məlumatların qeyd olunması);
- borc verilən pul məbləğinin miqdarı (rəqəm və sözlə yazılmaqla);
- pul öhdəliyinin icrasının forması və müddəti (yəni, geri qaytarılma müddəti, ödənişin son tarixi mütləq şəkildə qeyd edilməklə hissə hissə və ya bir dəfəlik qaydada ödənilməsi).

Pul gecikdirildikdə cərimə ödənilməlidirmi?

Bağlanılan borc müqaviləsində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi halında dəymiş zərərin qarşılanması üçün cərimə məbləğinin qeyd edilməsi, gələcəkdə borc alanda ödəniş müddətinin gecikdirilməməsilə bağlı məsuliyyət yaradacaqdır. Bu səbəbdən, mülki qanunvericilikdə pulun vaxtında ödənilmədiyi halda cərimənin (dəbbə pulu) müəyyən edilməsi öhdəliyin icrasının təmin edilmə üsullarından biri kimi müəyyən edilmişdir. Borc alan dərk edir ki, əgər borc vaxtında ödənilməzsə, götürülən borc məbləğinin üzərinə cərimə faizləri gələcək və borc məbləği artırılacaqdır.

Elə bu səbəbdəndir ki, fiziki şəxslərin bir-birinə verdiyi borc vəsaitlərinin geri qaytarılması prosesilə müqayisədə kredit təşkilatlarında bu tipli problemlər daha az yaşanır.
Buna baxmayaraq, müqavilədə dəbbə pulu nəzərdə tutulmamışdırsa, bu hələ o demək deyil ki, vəsaitinin vaxtında ödənilməməsinə, gecikdirilməsinə görə cərimə tələb edilməməlidir.

Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir.

Onu da qeyd edək ki, pul vəsaitinin faizlə verilməsi lisenziyalaşdırılmış fəaliyyət olduğundan, fiziki şəxslərin xüsusi razılıq (lisenziya) almadan pul vəsaitini faizlə borc verməsi qanunsuz fəaliyyətdir, bu əməl inzibati və cinayət məsuliyyəti yaradır. Öz aranızda bağladığınız Müqavilələrdə pulun faizlə verilməsini qeyd etməyiniz arzuolunmaz nəticələrə gətirib çıxara bilər.

Borc müqavilələrinin bağlanılması zamanı öhdəliyin icra edilməsini əvvəlcədən təmin etmək üçün qanunverilicikdə başqa bir sıra tədbirlər də nəzərdə tutulmuşdur: qarantiya, zaminlik, girov, ipoteka və s.

Zamin olduqda hansı problemlərlə üzləşə bilərsiz?

Zamin olmağınız təklif edildikdə iki dəfə düşünün!

Zaminlik elə bir anlayışdır ki, zamin olan kəs, borcu alan şəxslə birlikdə və ya təkbaşına borc alanın öhdəliyinə görə məsuliyyət daşıyır. Yəni müqavilədə borcalan və zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmamışdırsa, o zaman həm zamin, həm də əsas borc alan kreditor qarşısında eyni həcmdə məsuliyyət daşıyır və borcun ödənilməsi ilə bağlı tələb hər ikisinə birlikdə yönəldilə bilər.

Bəzən də olur ki, zamin olmaq təklifindən imtina edərsə, "pis adam", "pis dost", "pis qohum" olmuş olacağını düşünüb, zaminliyi sadəcə dosta, tanışa kömək məqsədilə banka gedib "bir kağızı" imzalamaq kimi qəbul edirlər. Nəzərə almalısınız ki, qanunveriliciyə əsasən, zamin borclu ilə yanaşı kreditorun qarşısında birgə məsuliyyət daşıyır. Beləliklə, zamin borc verənin qarşısında öhdəliyin borclu ilə birlikdə öz əmlakı hesabına ödənilməsi vəzifəsini və bu vəzifəni pozduğu halda, məsuliyyəti öz üzərinə götürür. Zaminliyin nə demək olduğunu, gələcəkdə hansı məsuliyyət yaradacağını dərk edərək bu addımı atmaqda fayda vardır.
Əsas öhdəlik üzrə razılaşmanın hansı formada bağlanmasından (şifahi və ya yazılı) asılı olmayaraq, zaminlik mütləq şəkildə yazılı qaydada tərtib olunmalıdır, şifahi razılaşdırılmış zaminlik razılaşmasının heç bir hüquqi qüvvəsi yoxdur.

Zaminliklə yanaşı öhdəliyin təmin edilməsi üsullarından biri də, girov və ipotekadır. İpoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər.

Buradan göründüyü kimi, ipoteka predmeti olan əşyalar girov qoyula bilməz.

Borc ödənilmədiyi halda hansı tədbirlər görülməlidir?

Müqavilə formasının şifahi və ya yazılı olmasından asılı olmayaraq, hər kəs öz hüquqlarının məhkəmə qaydasında müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, "Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir". Əlbəttə, bu halda borc vermə faktı təsdiq edilməlidir. Mülki Prosessual Məcəllədə qeyd olunub ki, hər bir şəxs öz hüquqlarının müdafiəsi və pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət edə bilər. Borc alan könüllü qaydada borcu qaytarmadıqda pul, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən, məcburi icra tədbirləri görülərək borcludan alınır. Bu zaman əlavə olaraq, borclu borc məbləğinin 7% miqdarında vəsaiti də, icra orqanının depozit hesabına ödəməlidir.

Könüllü icradan boyun qaçıran şəxsin borcu onun əmək haqqına, digər gəlirlərinə və ya xüsusi və birgə mülkiyyətdə olan əmlakına və ya üçüncü şəxslərdə olan əmlakına yönəldilə bilər.

Borc alan borcu ödəməkdən qəsdən boyun qaçırırsa, əvvəl inzibati, daha sonra məhkəmə qərarına əsasən, cinayət məsuliyyətinə belə cəlb oluna bilər.

Borc müqaviləsi üzrə iddia müddəti 3 ildir. Öhdəliyin son icra olunma günündən etibarən 3 il keçdikdən sonra, borc verən pul vəsaitini geri tələb etmək üçün iddia müddətini ötürmüş hesab olunur. Müddətin ötürülməsi məhkəmə qaydasında hüquqların müdafiəsi üçün müraciət etməyə maneə deyil. Lakin məhkəmə qarşı tərəfin (cavabdehin) etirazını əsas götürüb iddiasını təmin etməyə bilər.

Və yekunda bildirmək istəyirik ki, borcun məbləği, geri ödəmə forması və zamanından asılı olmayaraq, borc almaq, habelə borc verməkdən qabaq bu sahədə ixtisaslaşmış hüquqşünasla məsləhətləşmək, gələcəkdə yarana biləcək problemlərin qarşısını almaqda sizə yardımçı ola və mümkün itkilərdən qoruya bilər.

1997-ci ildən hüquq sahəsində fəaliyyət göstərən və bu illər ərzində peşəkar komandası ilə bilik və təcrübələrini müştərilərinə təqdim edən "Business Service Centre" MMC borc müqavilələrindən irəli gələn münasibətlərə hüquqi rəyin verilməsində və yarana biləcək problemlərin həllində Sizə yardımçı olmağa hazırdır.

"BSC" MMC-nin hüquqşünası

Könül Ələsgərova

http://bsc.az/
https://www.facebook.com/bsc.group.ltd

Məqalədə:
Xəbər lenti

Xəbər lenti