...

Elman Babayev: Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi gözlənilən tərzdə özünü doğruldur (MÜSAHİBƏ)

Cəmiyyət Materials 1 Aprel 2016 15:34 (UTC +04:00)
“Ünvanlı sosial yardım üzrə elektron müraciət və təyinat sistemində hər hansı formada məmur iştirakı və qeyri-şəffaf yardım təyinatı mümkünsüzdür”
Elman Babayev: Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi gözlənilən tərzdə özünü doğruldur (MÜSAHİBƏ)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiə Nazirlyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayevin Trend-ə müsahibəsi

- Ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) bu sosial yardım sistemində şəffaflığın təminatı baxımından hansı üstünlükləri gətirdi?

- Bildiyiniz kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanının uğurlu icrası olaraq, yaradılmış ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi artıq cari il fevralın 15-dən tətbiq edilir. Bu sistemin ən mühüm üstünlüklərindən biri onun dövlət sosial yardım sahəsində heç bir halda məmur-vətəndaş təması olmadan, şəffaflığın tam təmin olunması üçün vacib əsaslar formalaşdırmasıdır. Əgər əvvəllər vətəndaşlar bu yardımın alınması üçün əhalinin sosial müdafiəsi mərkəzlərinin əməkdaşlarına müraciət etməli olurdularsa, yardımın təyin olunub-olunmaması barədə qərar birbaşa məmurun iradəsindən asılı idisə və bu hal da ünvanlı yardımların təyin olunmasında subyektiv yanaşmalara imkan yaradırdısa, artıq bu təcrübə keçmişdə qalıb.

Yəni ünvanlı dövlət sosial yardımı üzrə elektron müraciət və təyinat sistemi nəticəsində vətəndaş təmsil etdiyi ailəyə yardımın təyin edilməsi üçün hansısa məmura müraciət etmir və ona yardım təyin olunub-olunmaması barədə qərarın verilməsində də nəinki məmur, ümumiyyətlə, insan faktoru iştirak etmir. Bu prosesi avtomatlaşdırılmış sistem həyata keçirir.

Digər tərəfdən, vətəndaş əvvəllərdə yardım üçün müraciət edilməsindən ötrü müxtəlif qurumlardan sənədlər toplamalı olurdu ki, bu da nəinki onun çətinlik çəkməsinə, eyni zamanda bu və ya digər təşkilatlarda aidiyyəti məmurlarla qarşılaşmasına, beləliklə, məmur-vətəndaş təmaslarının genişlənməsinə səbəb olurdu. VEMTAS-ın tətbiqi bu praktikaya, yəni yardım üçün müraciət edilməsində kağız daşıyıcılardan istifadədən imtinaya, beləliklə də, vətəndaşlar üçün çevik və rahat formada müraciət olunmasına imkan verdi. İndi yardım almaq istəyən şəxsdən həmin sənədlər tələb edilmir və deməli, o da müxtəlif qurumların məsul məmurlarına bu sənədlərin alınması üçün müraciət etməli olmur. Vətəndaşlar yalnız notarusdan ailə üzvlərinin birinin ailə adından müraciət üçün vəkil edildiyi barədə vəkalətnamə alır, "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" e-xidməti vasitəsilə müraciət edir və ailəsi, gəlirləri və s. barədə məlumatları "Ərizə-bəyannamə"də qeyd edir. Bu da mühüm üstünlüklərdən biridir.

- Yəni burada artıq məmur müdaxiləsi mümkün deyilsə, deməli, yardım təyin olunması üçün kimdənsə rüşvət istənilməsi ehtimalı da sıfıra enir.

- Tamamilə doğrudur. Qeyd etdiyim kimi, ünvanlı sosial yardımın alınması üçün müraciət edilməsi və bu yardımın təyin olunması prosesi tam elektron qaydada baş verir. Bu prosesin heç bir məqamında vətəndaşla məmur ünsiyyəti mümkün deyil. Müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsi üçün əhalinin sosial müdafiəsi mərkəzlərinin əməkdaşlarının onların yaşadıqları ünvanlara getməsi nəzərdə tutulurdu ki, vətəndaşla məmur təması heç bir halda baş verməsin deyə bu müayinə də aparılmır.

Bəzən belə əsassız şayiələr ortaya atılır ki, guya yeni elektron sistemin tətbiqi şəraitində də hansısa yollarla yardım təyin etdirmək olar. Bu şayiə ünvanlı dövlət sosial yardımı sahəsində şəffaflığın təmin olunması baxımından ümumən ölkəmizin mühüm nailiyyəti olan elektron müraciət və təyinat sisteminə böhtan atmaq, onu gözdən salmaq üçün uğursuz cəhddən, həm də savadsız yanaşmadan başqa bir şey deyil. Axı yardımın təyin olunub-olunmaması barədə qərarın qəbulu elektron qaydada avtomatlaşdırılmış rejimdə həyata keçirilirsə, bu prosesdə insan faktoru, məmur iştirakı yoxdursa və bu mümkün də deyilsə, onda vətəndaş onun ailəsinə yardım təyin olunması üçün kimə rüşvət verməlidir ki...?! Ona görə də kiminsə hazırda sosial yardımın təyinatında hansısa rüşvət halının mümkünlüyünü səsləndirməsi ya qərəzli və ədalətsiz münasibətin, ya da bu yeni sistem barədə tam məlumatsızlığın nəticəsi kimi qəbul olunmalıdır.

- VEMTAS artıq ay yarımdır ki, tətbiq olunur. İlkin nəticələr necədir? Müraciətlər çoxmu olur?

- Vurğulamaq istərdim ki, ünvanlı dövlət sosial yardımı üçün elektron qaydada müraciət sisteminə keçilməsi, yardım almaq hüquqlarına da məhz elektron qaydada baxılaraq qərar verilməsi elə ilk gündən əhali tərəfindən rəğbətlə qarşılanıb. Hazırda vətəndaşlar tərəfindən "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" e-xidməti vasitəsilə edilən e-müraciətlərə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi tərəfindən elektron qaydada baxılaraq qərar qəbulu prosesi normal qaydada davam etdirilir. Vətəndaş bilir ki, artıq onun ailəsinə yardım yazılması üçün hansısa məmura müraciət etməli, həm də müxtəlif qurumlardan sənədlər toplamalı deyil. Bunun nəticəsidir ki, indi vətəndaşlar ünvanlı dövlət sosial yardımının alınması üçün elektron qaydada müraciət etməyə maraq göstərirlər. Bütün müraciətlərə də sistem qanunvericiliklə müəyyən olunmuş müddət ərzində baxaraq şəffaf şəraitdə elektronlaşdırılmış qərar verir.

Müraciət edən ailələrə aid lazımi məlumatları elektron qaydada əldə etmək üçün 20-dən çox qurumun informasiya resurslarına avtomatik inteqrasiya həyata keçirilir. Vətəndaşlar elektron şəkildə müraciət zamanı "Ərizə-bəyannamə"ni doldurarkən səhv, yanlış məlumatlar daxil etdikdə, bu dərhal üzə çıxır. Çünki onların təqdim etdikləri məlumatlarla aidiyyatı qurumlarda onlar barədə olan rəsmi məlumatlar əldə edilərək yoxlanılır, uyğunsuzluq aşkar edilərsə, yardımın təyin olunmasından imtina qərarı verilir. Belə qərar verildiyi təqdirdə vətəndaşa bu barədə göndərilən elektron məlumatda da imtinanın səbəbləri göstərilir.

Yardım təyin olunması barədə sistem tərəfindən qərar qəbul olunursa, bu barədə ailəni təmsil edən şəxsə göndərilən məlumatda yardımın məbləği, onu hansı bankdan ala biləcəyi göstərilir. Yardım təyin olunub-olunmaması barədə məlumat vətəndaşın "Ərizə-bəyannamə"də qeyd etdiyi əlaqə vasitələrinin birinə göndərilir. Ona görə də vətəndaşlar onları düzgün qeyd etməlidirlər.

- Bütün vətəndaşların bu sistemdən lazımınca istifadə edə bilmələrində müəyyən çətinliklər olurmu?

- Sistemin yeni olmasına görə bu çətinliklər ilk günlərdə qaçılmaz idi. Həm də məlumdur ki, heç də hamı komputer avadanlıqlarına, internetə çıxış imkanına malik deyil. Təbii ki, bu amil xüsusi olaraq diqqətdə saxlanılıb. Bununla əlaqədar bütün poçt şöbələri də bu sahədə vətəndaşların xidmətindədir. Yeni sistemin tətbiqi ilə bağlı poçt şöbələrinin əməkdaşları üçün treninqlər də keçirilib, vətəndaşların poçt şöbələrində elektron qaydada müraciət etmələrində onlara aidiyyəti texniki köməkliklərin göstərilməsi, bu sahədə xidmətin təşkili baxımından müvafiq bilik və bacarıqlar aşılanıb. Yəni insanlar rahat şəkildə gəlib poçt şöbələrində onlar üçün ayrılmış komputer avadanlıqlarından və poçt işçilərinin texniki köməyindən istifadə edərək elektron müraciətlərini edirlər və bu sahədə heç bir problem özünü göstərmir. Burada xüsusi olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollektivinə xüsusi təşəkkür etməyi də borc bilirik.

Ümumiyyətlə, sosial yardım sistemində şəffaflığın tam təminatına zəmanət verən Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi gözlənilən tərzdə özünü doğruldur və ölkəmizin uğurlu bir iş təcrübəsinə çevrilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti