...

Azərbaycan diasporu beynəlxalq ictimaiyyəti Ermənistanı təxribatlardan çəkindirmək üçün tədbirlər görməyə çağırıb

Cəmiyyət Materials 4 Aprel 2016 20:31 (UTC +04:00)
Avropa Azərbaycanlıları Konqresi cəbhə xəttində baş verənlərlə bağlı bəyanat yayıb.
Azərbaycan diasporu beynəlxalq ictimaiyyəti Ermənistanı təxribatlardan çəkindirmək üçün tədbirlər görməyə çağırıb

Bakı. Trend:

Avropa Azərbaycanlıların Konqresi Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə xəttində atəşkəs rejiminin pozulması ilə bağlı bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bəyanatda bildirilir ki, erməni hərbi birləşmələri atəşkəs rejimini və beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycanın cəbhəboyu yaşayış məntəqələrini və mülki obyektlərin atəşə məruz qoyaraq dinc insanları öldürüb: "Baş verən hadisələrə son qoymaq məqsədilə BMT Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının qətnamələri Ermənistan tərəfindən qeyd-şərtsiz yerinə yetirilməli və işğalçı respublika silahlı qüvvələrini təcili şəkildə işğal olunmuş ərazilərdən çıxarmalıdır".

Həmçinin qeyd olunur ki, Ermənistanın törətdiyi təxribata qarşı Azərbaycan Silahlı Qüvvələrinin atdığı addımlar özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mülki əhalisinin təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır: "Azərbaycan ərazisinin 20 faizi, o cümlədən, Dağlıq Qarabağ inzibati-ərazi bölgüsünə daxil olmayan və ötən əsrin 90-cı illərinin əvvəllərinədək bütünlüklə azərbaycanlıların yaşadığı 7 inzibati rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, 1 milyona yaxın Azərbaycan vətəndaşı öz doğma torpaqlarından didərgin salınmış, 20 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 50 mindən artıq insan əlil olmuşdur. Azərbaycanın mülkiyyətində olan 890 yaşayış məntəqəsi, 150 min ev, 7 min inzibati bina, 693 məktəb, 855 uşaq bağçası, 695 sağlamlıq mərkəzi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 9 etnoqrafik əhəmiyyətli tarixi yer, 464 tarixi abidə və muzey məhv edilmişdir".

Bəyanatın sonunda Azərbaycan diasporu beynəlxalq ictimaiyyəti Ermənistanı dinc və günahsız insanların qətlinə səbəb olan təxribatlardan çəkindirmək üçün tədbirlər görməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti