...

TUMİB: Cəbhə xəttindəki son hadisələrin təqsirkarı məhz Ermənistan hakimiyyətidir

Cəmiyyət Materials 4 Aprel 2016 20:57 (UTC +04:00)
"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) bəyanat yayıb.
TUMİB: Cəbhə xəttindəki son hadisələrin təqsirkarı məhz Ermənistan hakimiyyətidir

Bakı. Trend:

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) bəyanat yayıb.

Trend-ə daxil olan bəyanatda İctimai Birlik Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində atəşkəs rejimini pozaraq, mülki əhalini hədəf almasını qətiyyətlə pisləyir, rəsmi İrəvandan bu təxribatlara dərhal son qoymasını tələb edir.

Qeyd olunur ki, Ermənistan ordusunun artilleriya və digər ağır silahlarla təmas xətti boyunca Azərbaycan Ordusunun mövqelərini intensiv olaraq atəşə tutması açıq təcavüz cəhdidir: "Ermənistan beynəlxalq hüququn prinsiplərinə tüpürərək, işğal altında olan Azərbaycan torpaqlarını öz nəzarəti altında saxlamaqla yanaşı, təmas xəttinin yaxınlığında yerləşən Azərbaycan kəndlərini ağır silahlardan atəşə tutur. Özlərini cəzasızlıq mühitində hiss edən Ermənistan rəhbərliyi 20 ildən artıqdır ki, Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlamaqda davam edir. Təəssüf ki, Ermənistan bütün beynəlxalq normaları pozur, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxalq təşkilatların qərarlarına məhəl qoymur. Ermənistan Azərbaycan Respublikasının işğal edilmiş torpaqlarında yerli əhalinin bütün əmlakına sahib çıxmaqla yanaşı, tarixi abidələri dağıdıb, ekologiyaya ciddi ziyan vurub.

Azərbaycan xalqı 20 ildən çoxdur ki, səbir və dözümlülük göstərir. Amma Ermənistanın aprelin 2-dən etibarən cəbhəyanı bölgədə həyata keçirdiyi təxribatlar xalqımızın səbir kasasını daşırıb. Ermənistanın cəbhə bölgəsindəki fəaliyyəti göstərir ki, qarşı tərəf mövcud status-kvonun saxlanmasında maraqlıdır.

Biz, "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin üzvləri bəyan edirik ki, Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində cəbhə xəttində baş verən son hadisələrin təqsirkarı məhz Ermənistan hakimiyyətidir. Bu təxribat hərəkətləri beynəlxalq hüquqa ziddir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini qeyri-mümkün edir. Əgər rəsmi İrəvan münaqişənin sülh yolu ilə həllini istəyirsə, özünün təxribatçı niyyətindən əl çəkib, işğal etdiyi Azərbaycan torpaqlarını dərhal boşaltmalıdır. TUMİB olaraq vətəndaşların təhlükəsizliyini və mövqelərimizi qoruyan Azərbaycan Silahlı Qüvvələrini ürəkdən dəstəkləyir, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunacağına tezliklə inanırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti