...

Almaniyada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı diskussiya təşkil olunub

Cəmiyyət Materials 14 Aprel 2016 15:26 (UTC +04:00)
Bu gün Almaniyada fəaliyyət göstərən Almaniya Türk Ocağı təşkilatının təşəbbüsü ilə “Qarabağ məsələsi” mövzusunda diskussiya təşkil olunub.
Almaniyada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı diskussiya təşkil olunub

Bakı. Trend:

Bu gün Almaniyada fəaliyyət göstərən Almaniya Türk Ocağı təşkilatının təşəbbüsü ilə "Qarabağ məsələsi" mövzusunda diskussiya təşkil olunub.

Dünya Azərbaycanlıları Assambleyasından Trend-ə verilən məlumata görə, müzakirəyə Alman-Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru, Dünya Azərbaycanlıları Assambleyasının Təşəbbüs qrupunun rəhbəri Rəşad Quliyev dəvət olunub.

Tədbiri giriş sözü ilə açan Burak Murat Görmez son zamanlar Qarabağ bölgəsində yaşanan olayların onları da narahat etdiyini, Azərbaycan torpaqlarının işğalının davam etdiyini bildirib: "Bu məsələyə biganə qalmağımız mümkün deyil. Ona görə də Almaniyada yaşayan və burada doğulub-böyüyən bizləri bu məsələ ciddi narahat edir və düşünürəm ki, biz bu məsələlərə səssiz qalmamalıyıq".

R.Quliyev çıxışına ilk olaraq ermənilərin köçürülməsi siyasətindən danışaraq başlayıb: "Bir xəstəliyin müalicəsi üçün ilk növbədə onun yaranma səbəblərinə baxılmalı, diaqnoz düzgün qoyulmalıdır ki, bu problem həll edilsin. Qarabağ məsələsi də bu cürdür. Bu məsələyə ədalətli və hüquqi mənada düzgün yanaşılmasa, bu problemi həll etmək qeyri-mümkün olacaq".

Sonra işğalçılıq, ermənilərin və 366-cı alayın Xocalıda törətdikləri qeyri-insanı vəhşilikləri anladan R.Quliyev deyib: "Bu gün bizim dünya birliyindən, beynəlxalq təşkilatlardan gözlədiyimiz bir məsələ var: bu məsələdə beynəlxalq qurumların çıxardığı qərar və qətnamələr icra olunmalıdır. Əgər qarşı tərəf beynəlxalq hüququ saymırsa, bunu hər kəsin gözü önündə tapdalayırsa, o zaman adekvat addım üçün digər yollara əl atmağa məcbur oluruq. Azərbaycanın rəhbərliyi, əsgəri və toplumu ədalətlidir və sülhsevərdir. Ancaq biz torpaqlarımızın işğalı ilə barışmayacağıq. Necə ki, bu gün gördüyünüz kimi, hər kəs zənn edirdi ki, 22 illik atəşkəs rejimindən sonra insanlar artıq Qarabağ məsələsinə laqeyd yanaşacaqlar, Qarabağ artıq oranı tanımayan, görməyən gənclər üçün unudulmuş bir məkandır. Lakin qəhrəmanlıqla şəhid olan gənclərimiz, şəhidləri dəfn etməyə gələn on minlərlə insan sübut etdi ki, Azərbaycan xalqı bu işğalla barışmayacaq. Biz beynəlxalq hüququn bərpa olunmasını istəyirik. Xalqımız, diasporumuz Ali Baş Komandanımız cənab İlham Əliyevin, ordumuzun komandanı, nazirimiz Zakir Həsənovun arxasındadır. Bunu da hər kəs bilməlidir".

Tədbir daha sonra qarşılıqlı müzakirə və sual-cavabla davam etdirilib.

Daha sonra R.Quliyevə Kıbrıs Mücahidlər Dərnəyinin döş nişanı təqdim olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti