Bakı. İlhamə İsabalayeva - Trend:
"Müəllimlərin diaqnostik qiymətləndirilməsi ölkənin digər şəhər və rayonlarında da aparılacaq. Bundan sonra strategiyaya uyğun olaraq, əmək haqqı islahatının ikinci mərhələsinə - differansial, yəni peşəkarlıq səviyyəsindən və əməyin nəticələrindən asılı olan əmək haqqı sisteminə keçməyi palnlaşdırırıq".
Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edərkən deyib.
Nazirin sözlərinə görə, müəllim əməyinin stimullaşdırılması ilə bağlı son 2 ildə atılan addımlar bu peşənin nüfuzunun yüksəldilməsində dönüş nöqtəsi olub.
M.Cabbarov qeyd edib ki, 2014-cü ildə Bakı şəhərində 30 min, 2015-ci ildə ölkənin 3 şəhər və 9 rayonunda 26 min müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılıb: "Beləliklə, ölkə üzrə müəllimlərin 40%-nin dərs yükü 1,5 dəfə, vəzifə maaşı isə 2 dəfə artıb. Nəticədə müəllimlərin orta aylıq əmək haqqı ölkə üzrə müvafiq göstəriciyə yaxınlaşıb".
Nazir əlavə edib ki, ölkədə müəllim-şagird nisbətində də əsaslı irəliləyişlərə nail olunub: "Bu göstərici 2012-2013-cü tədris ilindəki 1:10 göstəricisindən 2015-2016-cı tədris ilində 1:12 göstəricisinə yüksəlib".