Bakı. Samir Əli - Trend:
Bu gün Nəsimi rayon məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılan, "Müsəlman birliyi" adlı təşkilatın rəhbəri Taleh Bağırovun barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.
Trend-in məlumatına görə, prosesdə vəsatət araşdırılsa da, təmin edilməyib.
Qeyd edək ki, T.Bağırovun vəkilləri onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət etmişdi.
Xatırladaq ki, ötən il noyabrın 26-da hüquq-mühafizə orqanları əməkdaşları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyat zamanı T.Bağırov və onunla birlikdə 13 nəfər saxlanılıb.
Saxlanılan şəxslər Cinayət Məcəlləsinin 214.2.1 (Terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 220.2 (Kütləvi iğtişaş, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 279.3 (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma, adamların həlak olmasına və ya digər ağır nəticələrə səbəb olduqda), 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə), 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə ittiham olunurlar.