...

Səfir: Fransa-Azərbaycan Universiteti Azərbaycanı regionun universitet mərkəzinə çevirəcək

Cəmiyyət Materials 26 May 2016 14:09 (UTC +04:00)
Bu gün Azərbaycan Neft və Sənaye Universitetində bu ildən fəaliyyət göstərəcək Fransa-Azərbaycan Universiteti ilə bağlı tədbir keçirilib.
Səfir: Fransa-Azərbaycan Universiteti Azərbaycanı regionun universitet mərkəzinə çevirəcək

Bakı. Samir Əli - Trend:

Bu gün Azərbaycan Neft və Sənaye Universitetində bu ildən fəaliyyət göstərəcək Fransa-Azərbaycan Universiteti ilə bağlı tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez yeni fəaliyyətə başlayacaq universitet ilə bağlı məlumat verib.

O bildirib ki, universitetin layihəsi Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə yaradılıb: "Plana görə, universitet 2016-cı ilin sentyabr ayından fəaliyyətə başlayacaq. Layihənin reallaşması Azərbaycanla Fransa arasındakı əməkdaşlığın yüksək səviyyədə olmasının nəticəsidir. Azərbaycanda artıq 3 ildir ki, Fransa liseyi fəaliyyət göstərir. Lakin bu lisey ali təhsil vermədiyi üçün ali təhsilə ehtiyac duyulur. Bunun üçün də bu universitet yaradılıb".

Diplomat qeyd edib ki, universitet əsasən texniki sahələr üzrə təhsil verəcək: "Tələbələr əvvəl ingilis dilində, bir müddətdən sonra isə fransız dilində dərs keçəcək. Bu da o deməkdir ki, universiteti bitirən tələbələr həm Azərbaycan, həm ingilis, həm də Fransa şirkətlərində işlə təmin olunacaq. Universitetə tələbələr 500-dən yuxarı bal toplayanlar arasından seçilərək qəbul olunacaq. Seçim imtahanı Strasburq Universitetinin müəllimləri tərəfindən aparılacaq".

Onun sözlərinə görə, imtahanda müvəffəqiyyət qazana bilməyən abituriyentlər sonradan 1-ci qrup üzrə digər yerli universitetlərə seçim edə biləcəklər: "Universiteti bitirən tələbələr Fransada mağistr təhsili almaq şansı qazanacaq. Universitetə əsasən dövlət hesabına qəbul olacaq".

Səfir bildirib ki, universitetin Azərbaycanda yaradılması təsadüfi deyil: "Azərbaycan Qafqazın əhəmiyyətli bölgəsində yerləşir. Bu universitetin fəaliyyət göstərməsi Azərbaycanı regionun universitet mərkəzinə çevirəcək. Bu universitetdə İran, Rusiya, Gürcüstan, Türkiyə və digər xarici ölkələrdən tələbə qəbulu keçiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti