...

Nazir müavini: 12 ildə ölkədə 1,4 milyon yeni iş yaradılıb (FOTO)

Cəmiyyət Materials 2 İyun 2016 10:49 (UTC +04:00)
İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Əmək Konfransının 105-ci sessiyası keçirilir.
Nazir müavini: 12 ildə ölkədə 1,4 milyon yeni iş yaradılıb (FOTO)

Bakı. Trend:

İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Əmək Konfransının 105-ci sessiyası keçirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə keçirilən tədbirin gündəliyinə BƏT-in Layiqli Əmək Konsepsiyasının reallaşdırılması, iş yerlərinin keyfiyyətinin artırılması ilə bağlı məsələlər daxildir.

Sessiyanın plenar iclasında çıxış edən Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov ölkəmizin iqtisadi inkişaf modeli, rəqabətədavamlı innovativ iqtisadiyyatın formalaşması, əldə edilən iqtisadi nailiyyətlər barədə məlumat verib.

Nazir müavini vurğulayıb ki, Azərbaycan xalqının ümummili lideri Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi səmərəli sosial-iqtisadi islahatlar kursu nəticəsində respublikada sahibkarlığın, ümumən milli iqtisadiyyatın inkişafı üçün hər bir şərait yaradılıb.

Sosialyönümlü iqtisadiyyatın formalaşdığı, iqtisadi şaxələndirməyə, qeyri-neft sektorunun inkişafına dövlət dəstəyinin getdikcə artırıldığı ölkədə makroiqtisadi sabitliyə nail olunub. Düşünülmüş fiskal siyasət, o cümlədən kiçik və orta sahibkarlığın inkişafına yönələn güzəştli kreditlər, investisiya fəaliyyətinin gücləndirilməsi, səmərəli vergi və antiinhisar siyasəti və s. nəticəsində son 12 ildə ölkədə ümumdaxili məhsul 3,4 dəfə artıb. Bu dövrdə respublikada 1,4 milyon yeni iş yaradılıb, işsizlik səviyyəsi 4,9 faizə, yoxsulluq səviyyəsi 5 faizə enib, əhalinin gəlirlərində 6,5 dəfə artım özünü göstərib.

Nazir müavini bildirib ki, enerji resursları bazarındakı qeyri-sabitlik, region ölkələrində iqtisadi problemlər, Azərbaycanın və onun əsas ticarət partnyorları olan ölkələrin milli valyutalarının devalvasiyası, dünya maliyyə bazarında yaranan çətinliklər orta müddətli perspektivdə əsas risklərdir. Azərbaycan iqtisadiyyatının bu risklərə hazır olması və mənfi xarici iqtisadi təsirlərə qarşı yüksək dayanıqlıq nümayiş etdirməsi Prezident cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti, respublikada əldə edilən siyasi və makroiqtisadi sabitlik, güclü iqtisadi potensial, vaxtında həyata keçirilən islahatlar, neft amilindən asılılığın azaldılması, sahibkarlığın inkişafı, yeni iş yerlərinin açılması sayəsində mümkün olub".

İ.Rəhimov milli prioritet kimi, respublikada aparılan uğurlu iqtisadi siyasətin eyni zamanda sosial inkişafa, məşğulluq imkanlarının artırılmasına yönəldiyini, layiqli əməyin təminatının ölkəmizdə sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən olduğunu vurğulayıb.

O qeyd edib ki, məşğulluğa layiqli əməyin təmin olunması prizmasından, səmərəli məşğulluğa nail olunması, sabit və keyfiyyətli iş yerlərinin artırılması, əməyin ödənilməsi sisteminin təkmilləşdirilməsi, işsiz şəxslərin səmərəli təhsili üzrə bazanın yaradılması, əməyin mühafizəsi və təhlükəsizliyinin təmin olunması kontekstindən yanaşılır. Bu prinsiplər gənclərin məşğulluğunun dəstəklənməsi yönündə aparılan işlərin də məqsədlərini müəyyən edir.

Nazir müavini ölkəmizdə qeyri-rəsmi məşğulluq hallarının aradan qaldırılmasına, özünüməşğulluğun inkişafına xüsusi diqqət yetirildiyini, sosial problemlərin həllində gender aspektlərinə, sosial dialoqun inkişafına önəm verildiyini, BƏT-lə və digər beynəlxalq strukturlarla gələcək əməkdaşlıq proqramlarında da bu istiqamətlərin əksini tapacağına ümid etdiyini diqqətə çatdırıb. "Sosial hüquqların gələcək inkişafında sosial təhlükəsizlik bu gün mühüm əhəmiyyət kəsb edir. Bu mənada həll olunmamış hərbi münaqişələrin və terror təhlükəsinin nəinki ayrı-ayrı ölkələrin, bütövlükdə dünya birliyinin sosial inkişaf imkanlarını məhdudlaşdırdığına diqqət yetirilməlidir.

Belə ki, Azərbaycan ərazisinin 20%-nin Ermənistan tərəfindən işğalı nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkünün olması ölkəmizin sosial inkişaf problemlərini dəfələrlə ağırlaşdırır. Bu isə, fikrimizcə, BƏT-in də bir çox strateji məqsədlərinə nail olunmasını çətinləşdirən həmin problemin həlli ilə bağlı beynəlxalq birlik tərəfindən səylərin daha da artırılmasını tələb edir".

İ.Rəhimov ölkəmizdə işçi qüvvəsinin keyfiyyətinin yüksəldilməsi, ümumilikdə ölkənin insan kapitalının inkişafı yönündə müvafiq dövlət proqramları çərçivəsində görülən işləri diqqətə çatdırıb. Nazir müavini bildirib ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, insan kapitalının inkişafı, effektiv sosial müdafiə sisteminin yaradılması, institusional islahatların davam etdirilməsi və s. prioritet istiqamətlərdir. Bununla yanaşı, Konsepsiyada ölkənin mobil və keyfiyyətli kadr potensialının formalaşdırılması, əmək ehtiyatlarından tam və səmərəli istifadə olunması üçün ən əlverişli şəraitin yaradılmasına xüsusi diqqət yönəldilib.

Nazir müavini milli əmək ehtiyatlarının keyfiyyətinin yüksəldilməsi məqsədilə ölkəmizdə beynəlxalq tələblərə cavab verən peşə və kvalifikasiya standartlarının tətbiqi sahəsində aparılan işlər barədə də məlumat verib.

Sessiyada mövzuya dair məsələlər ətrafında müzakirələr aparılır.
Səfər çərçivəsində İ.Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti BƏT-in Baş Direktoru Qay Rayder ilə görüşüb. Görüşdə gələcək əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti