Bakı. İlhamə İsabalayeva - Trend:
Ekologiya və Təbii Sərvətlər Nazirliyi çayların səviyyəsi ilə bağlı son vəziyyəti açıqlayıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, ötən günlər ərzində respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda həmin çaylarda sabit sululuq müşahidə olunur. Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-50, Kiçik Qafqazın çaylarında 20-40, Lənkəran-Astara bölgəsi çaylarında isə 80-90 faizini təşkil edir.
İyulun 8-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm azalma olub. Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Bankədə 2 sm azalma qeydə alınıb, Salyanda və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 12 sm artım müşahidə olunub.