Bakı. İlhamə İsabalayeva - Trend:
"Çox şadam ki, Fransa Azərbaycanın təhsil sisteminin gücləndirilməsində rol oynayır".
Trend-in məlumatına görə, bunu Fransa-Azərbaycan Universitetinə (UFAZ) qəbul imtahanının keçirilməsindən sonra abituriyentlərlə keçirilən görüşdə Fransanın Azərbaycandakı səfiri Orelia Buşez deyib.
Səfir əlavə edib ki, Fransanın Azərbaycanın təhsil sistemindəki rolu Bakıdakı Fransız liseyinin yaradılması ilə başlayıb: "İndi isə şadıq ki, bu əməkdaşlıq daha yüksək təhsil səviyyəsinə - ali təhsilə keçib. UFAZ həm iki ölkə, həm də iki universitet arasında olan layihədir. Bu layihənin həyata keçirilməsi konkret məqamlarla yadda qalıb. Bir necə gün əvvəl təhsil naziri Mikayıl Cabbarov Strasburda səfərdə olarkən Strasburq universiteinin rektoru ilə görüşüb. Sentyabrda universitetin fəaliyyəti ilə bağlı tərəflər arasında saziş imzalanacaq".
O.Buşez qeyd edib ki, hazırda Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi prosesi gedir. Səfirin fikrincə, bu universitetdə 4 ixtisas üzrə kadrların hazırlanması da buna xidmət edəcək.
Təhsil nazirinin müavini Ceyhun Bayramov isə qeyd edib ki, UFAZ ixtisaslarına ali təhsil müassisəsinə qəbul imtahanında l qrup üzrə 500 və daha çox bal toplayan abituriyentlər iştirak edib. İmtahandan uğurla keçənlər ixtisas seçimi zamanı UFAZ ixtisaslarından birini seçməklə UFAZ tələbəsi statusunu qazanacaq.
Yeni yaradılan universitetə abituriyentlər tərəfindən marağın olduğunu deyən C.Bayramov bu ali məktəbin Fransa-Azərbaycan arasında təhsil sahəsindəki əlaqələrinə daha da müsbət təsir edəcəyini əlavə edib.