...

Gəncə şəhərində məktəblilər üçün 1-ci “Aqro düşərgə” keçirilir

Cəmiyyət Materials 6 Avqust 2016 19:46 (UTC +04:00)
Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” Proqramı çərçivəsində və “Kənd təsərrüfatı ili”-nin uğurla davam etdirilməsi məqsədilə Gəncə şəhərində məktəblilər üçün 31 iyul – 07 avqust 2016-cı il tarixində 1-ci “Aqro düşərgə” təşkil edir
Gəncə şəhərində məktəblilər üçün 1-ci “Aqro düşərgə” keçirilir

Bakı.Trend:

Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” Proqramı çərçivəsində və “Kənd təsərrüfatı ili”-nin uğurla davam etdirilməsi məqsədilə Gəncə şəhərində məktəblilər üçün 31 iyul – 07 avqust 2016-cı il tarixində 1-ci “Aqro düşərgə” təşkil edir.

Trend-in Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzindən aldığı məlumata görə, düşərgənin əsas məqsədi aqrar sahənin perspektiv istiqamətləri haqqında məktəblilərin bilik və bacarıqlarının artırılması, aqrobiomüxtəlifliyin qorunması, ekoloji təmiz məhsulun yetişdirilməsinin vacibliyini təbliğ etməkdir.

“Aqro düşərgə”-nin 50 nəfər iştirakçıları Bakı şəhərinin müxtəlif məktəblərində yaradılmış “Ekoklublar”-ın fəal üzvlərindən seçilmiş və Azərbaycan Dövlət Aqrar Universitetinin bazasında keçirilir.

“Aqro düşərgə”-nin rəsmi açılışında məktəblilərin qarşısında Azərbaycan Dövlət Aqrar Universitetinin Tədris işləri üzrə prorektoru Anar Hətəmov, Elmi işlər üzrə prorektoru Nizami Seyidəliyev, Aqronomluq fakultəsinin dekanı Məhərrəm İsmayılov və Azərbaycan Respublikası Təhsi Nazirliyi Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Firuzə Sultan-zadə çıxış edərək ölkəmizdə aqrar sektorun inkişafının və gənc nəslin bu istiqamətə yönləndiriləsinin vacibliyi haqqında geniş fikirlər söylədilər.

”Aqro düşərgə”-nin təşkil olunmasında praktik məşğələlər üçün Universitetin "Zoobaytarlıq və Əmtəəşünaşlıq", "Aqronomluq" fakultələrindən və Yardımçı Təcrübə Təsərrüfatının bazasından istifadə olunmuşdur. Burada məktəblilərə heyvanların yetişdirilməsi, eksteryer bədən ölçülərinin öyrənilməsi, yemləndirilməsi, yoluxmayan daxili xəstəlikləri, baytarlıq cərrahiyyəsi haqqında nəzəri və praktik biliklər verilmiş, eləcə də, anatomiya, patoloji anatomiya muzeylərinə, akvarium və vivariuma baxış keçirilmişdir. Laborator təcrübələrdə torpağın qiymətləndirilməsi, heyvandarlıq məhsullarının ekspertizası, qida məhsullarının istehsalı texnologiyaları azərbaycan və rus bölmələrinin şagirdləri ilə birgə interaktiv qruplar şəklində öyrənilmişdir. Proqramın həyata keçirilməsində Azərbaycan Dövlət Aqrar Universitetinin nüfuzlu professor-müəllim heyətidən Telman İsgəndərov və Könül Quliyeva (Baytarlıq), Urfan Turabov və Vüsal Mirzəyev (Heyvandarlıq və balıq məhsullarının istehsalı texnologiyası), Məhərrəm İsmayılov və Qurban Məmmədov (Bitkiçilik), Zaur Həsənov və Hüseyn İdrisov (Meyvəçilik və Bağçılıq), Zakir İbrahimov (Meşəçilik), Arif Həsənov (Torpaqşünaslıq və Aqrokimya), Mehriban Aslanova (Qida məhsullarının istehsalı texnologiyası), Aidə Əsgərova (Qida məhsullarının ekspertizası) fəal iştirak ediblər.

“Aqro düşərgə” müddətində məktəblilər kənd təsərrüfatı məhsullarının istehsalı texnologiyaları ilə "AzAgro" MMC-nin Gülçülük və Tərəvəzçilik təsərrüfatlarında qızılgülün və tərəvəz bitkilərinin yetişdirilməsi, "Gəncə Şərab-2" MMC-də müxtəlif sort üzüm bitkilərinin becərilməsi və şərab emalı, "Neon" firmasında un məmulatlarının hazırlanması proseslərində bilavasitə iştirak ediblər.

Eyni zamanda, düşərgə üzvləri Nizami Gəncəvi məqbərəsinə və bir çox muzey komplekslərinə səfər edərək Gəncənin tarixi-mədəni irsi ilə yaxından tanış olmuş, Şəmkir rayonunda yerləşən “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində asudə vaxtlarından səmərəli istifadə ediblər.

“Göygöl Milli Parkı”-na səyahət edərək gənc ekoloqlar Göygöl – Maralgöl marşurutu üzrə piyada yürüş həyata keçiriblər.

“Aqro düşərgə”-nin sonunda bütün iştirakçılar diplomlarla təltif olunacaqlar.

Xəbər lenti

Xəbər lenti