...

Qadınların dini radikalizmlə mübarizədə roluna həsr olunmuş konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 23 Avqust 2016 17:03 (UTC +04:00)
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Xurafat və dini radikalizmlə mübarizədə qadınların rolu” mövzusunda konfrans keçirilib.
Qadınların dini radikalizmlə mübarizədə roluna həsr olunmuş konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Xurafat və dini radikalizmlə mübarizədə qadınların rolu” mövzusunda konfrans keçirilib.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) , Binəqədi Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi Rayon Təşkilatının Qadınlar Şurasının üzvləri, eləcə də fəal qadınlar, ziyalılar və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva ölkəmizdə mövcud olan dövlət-din münasibətlərindən bəhs edib. O qeyd edib ki, respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda dövlət-din münasibətlərinin yeni istiqaməti formalaşıb. Ölkə rəhbərliyinin dinə və dindarlara qayğısından bəhs edən A. Əliyeva respublikamızın dünyada tolerantlıq və multikulturalizm sahəsində örnək olduğunu diqqətə çatdırıb. Ölkəmizdə gedən proseslərdə, eləcə də dini radikalizmlə mübarizədə qadınları daha da fəal olmağa çağıran RİH başçısının müavini cəmiyyətimizdə qadınların yüksək mövqeyə malik olduğunu bildirib.

Sonra çıxış edən DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova qeyd edib ki, qadın cəmiyyətdə böyük rolu olan müstəsna varlıqdır. Onun sözlərinə görə, hər bir cəmiyyətin gələcəyini təsəvvür etmək üçün onun qadınlarına baxmaq lazımdır. Bugünkü qadınlar nə qədər ismətli, vətənpərvər, aktiv, fədakar və iradəlidirlərsə, sabahkı cəmiyyət də bir o qədər uğurlu olacaqdır. Azərbaycan qadını adı şərəf, ləyaqət, təmizlik və sədaqət rəmzi olaraq azərbaycanlıları tarixin bütün dövrlərində dünyanın digər xalqlarından fərqləndirib.

Radikal dindarlaşma prosesinin qadınlarımıza, eləcə də gənclərimizə göstərdiyi mənfi təsirlərdən danışan E. Kərimova qeyd edib ki, bu gün dünyaya gələn uşağı milli ruhda böyütmək, cəmiyyətə layiqli vətəndaş hazırlamaq baxımından qadınların üzərinə böyük məsuliyyət düşür. Qadınlar aldıqları bilik və dünyagörüşünə əsaslanaraq övladlarını ailədə elə tərbiyə edib maarifləndirməlidirlər ki, onlar sərbəst həyata atıldıqda mənfi, milli-mənəvi dəyərlərimizə zidd, radikallığı təbliğ edən qüvvələrin təsirinə məruz qalmasınlar.

DQİDK-nın şöbə müdiri xurafat və dini radikalizmlə mübarizədə Dövlət Komitəsinin həyata keçirdiyi tədbirlər barədə də geniş məlumat verib.

YAP Binəqədi rayon Təşkilatı Qadınlar Şurasının sədri Aytac Əliyeva bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, belə tədbirlərin gələcəkdə də keçirilməsinin vacibliyindən danışıb. A. Əliyeva bildirib ki, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak ediblər.

Tədbirdə həmçinin, DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin əməkdaşları Zeynəb Tayıbova, Aysel Əsgərova və Telli Süleymanova çıxış ediblər.

 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti